12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elşən Bağırzadə: “Zəngəzur dəhlizinin tamamlanması türk respublikalarına öz ərazilərində tam şəkildə söz sahibi olmağa imkan verəcək” MÜSAHİBƏ

Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsində ciddi artımlar müşahidə edilir. İqtisad üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti və rektorun müşaviri Elşən Bağırzadə türk dövlətləri arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Elşən müəllim, Türk Dövlətləri Təşkilatı üzv dövlətlər arasında iqtisadi münasibətlərin yeni müstəviyə çıxmasına şərait yaradır. Sizcə, hazırda türk dövlətləri arasındakı iqtisadi münasibətlər hansı səviyyədədir?

- Bu gün Türk Dövlətləri Təşkilatının məcmu iqtisadi göstəricilərinə diqqət yetirsək, aydın görə bilərik ki, xarici ticarət, eləcə də xarici texnologiya transferti dövriyyəsində, xarici investisiya, xarici iş qüvvəsi axınlarında (əmək miqrasiyası) təşkilata üzv ölkələrin öz aralarındakı dövriyyənin payı digər ölkələrlə müqayisədə olduqca kiçikdir. Sadəcə bəzi göstəricilər üzrə Azərbaycan və Türkiyə, bəzi göstəricilər üzrə Qazaxıstan və Qırğızıstan, bəzi göstəricilər üzrə Qazaxıstan və Özbəkistan arasında nisbətən sıx iqtisadi münasibətlərin olduğunu görə bilərik. Potensial isə çox böyükdür. Fikrimcə, Türk Dövlətləri Təşkilatı həm təbii resurslar (xüsusilə enerji mənbələri), həm insan resursları, həm geosiyasi və geoiqtisadi imkanları, həm də başda Türkiyə və Qazaxıstan olmaqla nisbətən inkişaf etmiş sənaye potensialı ilə dünyada sayılıb-seçilən regional iqtisadi birliklərdən birinə çevrilə bilər.

Hazırkı dövrdə güclərin, imkanların birləşdirilməsi, qlobal miqyasda düzgün iqtisadi və siyasi mövqelərin birlikdə seçilməsi türk dövlətlərini yeni dünya düzənində indikindən qat-qat əlverişli mövqeyə yüksəldə bilər

Hazırda bəşəriyyət yeni bir dünya nizamının formalaşması dövrünü keçirir. Bu prosesin yeni qlobal iqtisadi, siyasi və təhlükəsizlik nizamı ilə nəticələnəcəyi şübhəsizdir. Hazırkı dövrdə güclərin, imkanların birləşdirilməsi, qlobal miqyasda düzgün iqtisadi və siyasi mövqelərin birlikdə seçilməsi türk dövlətlərini yeni dünya düzənində indikindən qat-qat əlverişli mövqeyə yüksəldə bilər. Təşkilata üzv dövlətlərin 2021-ci ildə qəbul etdikləri “Türk Dünyası 2040 Vizyonu”nda və 2022-ci ildə imzaladıqları Səmərqənd Bəyannaməsində bu reallıqlar nəzərə alınıb.
Hazırda Şərq-Qərb və Şimal-Cənub enerji və nəqliyyat dəhlizləri (Orta dəhliz), “İpək Yolu” turizm marşrutları, müdafiə və kosmik sənaye, orqanik kənd təsərrüfatı və qida təhlükəsizliyi, yaşıl enerji, səhiyyə turizmi, distant təhsil xidmətləri, postkonflikt ərazilərin yenidən qurulması sahələrində böyük əməkdaşlıq imkanları mövcuddur.
Regional iqtisadi inteqrasiya çox həssas və uzunmüddətli bir prosesdir. Avropa İttifaqının təcrübəsi ortadadır: təxminən oxşar iqtisadi inkişaf səviyyəsində olan ölkələr arasında bu tipli inteqrasiyalar daha səmərəli olur. Bu baxımdan, türk respublikalarının ümumi iqtisadi inkişafında çox böyük fərqlər yoxdur və bir çox sahələr üzrə bu iqtisadiyyatlar bir-birini tamamlamaq imkanındadır.

- Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşünün yekunlarına dair Səmərqənd Bəyannaməsində rəqəmsal iqtisadiyyat və Dördüncü Sənaye İnqilabı sahələrində üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu əməkdaşlıq üzv dövlətlərə nə verəcək?

- Fikrimcə, Türkiyə bu sahədə daha yaxşı vəziyyətdədir. Türkiyə iqtisadiyyatı əvvəlki sənaye inqilabı baxımından da dünyada pis mövqedə deyil. Türkiyənin xüsusilə emal sənayesi, o cümlədən yüngül və qida sənayesi kifayət qədər yaxşı inkişaf edib. Dördüncü Sənaye İnqilabının infrastrukturu, kadr və innovasiya potensialı baxımından da Türkiyə daha yaxşı mövqedədir. Məsələn, populyar Qlobal İnnovasiya İndeksinə əsasən, 2022-ci ildə dünya üzrə Türkiyə 37-ci, Özbəkistan 82-ci, Qazaxıstan 83-cü, Azərbaycan 93-cü, Qırğızıstan isə 94-cü yerdədir.
XXI əsrdə iqtisadi baxımdan rəqabətli türk coğrafiyası ortaya qoymaq istəyən türk dövlətləri bunu Dördüncü Sənaye İnqilabı və rəqəmsallaşmadan kənarda reallaşdıra bilməzlər.

- Bu ilin ilk 7 ayında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz artıb. Zəngəzur dəhlizinin açılması iqtisadi münasibətlərin daha çox hansı istiqamətlər üzrə inkişaf etdirilməsinə səbəb olacaq?

- Zəngəzur dəhlizinin tamamlanması türk respublikalarına imkan verəcək ki, Orta dəhlizlə bağlı öz ərazilərində tam şəkildə söz sahibi ola bilsinlər, öz aralarında yük və sərnişindaşımanı tam sərbəst həyata keçirsinlər. Bu dəhliz, şübhəsiz ki, ilk növbədə Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafına əhəmiyyətli töhfə verəcək, ölkəmizin Avropa ilə nəqliyyat imkanlarını xeyli yaxşılaşdıracaq.

Türk dövlətləri Orta dəhliz vasitəsilə öz aralarında, eyni zamanda Çin və Avropa İttifaqı arasında yük və sərnişindaşımalarını həyata keçirəcək, Rusiya, İran, Əfqanıstan, Pakistan və Hindistan bağlantıları ilə potensialını və rəqabətliliyini daha da gücləndirəcəklər

Türkiyənin şərq əyalətlərinin iqtisadi əlaqələrini genişləndirəcək, onların inkişafına şərait yaradacaq. Xəzərin Şərqində yerləşən türk respublikalarının Azərbaycanla, Azərbaycan üzərindən Türkiyə ilə ticarət və investisiya əlaqələri inkişaf edəcək. Bu dəhliz üzv dövlətlər arasında ticarət dövriyyəsinin artmasına imkan yaradacaq. Türk coğrafiyasında “İpək yolu” turizm marşrutlarının inkişafı baxımından da bu dəhlizin böyük önəmi olacaq. Kifayət qədər mürəkkəb coğrafi mövqedə yerləşən Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan və dünya iqtisadiyyatına inteqrasiya imkanları xeyli yaxşılaşacaq. Dəhliz bərpa və yenidənqurma proseslərinin aparılmasına, burada yaşayan və gələcəkdə yaşayacaq əhalinin iqtisadi rifahına öz müsbət töhfəsini verəcək.

- Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülük qabiliyyətinin artırılmasının, Avropa ilə Asiya arasında daha yaxşı nəqliyyat bağlantılarının genişləndirilməsinə və nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verən Özbəkistan-Qırğızıstan-Çin və Termiz-Məzari-Şərif-Kabil-Pişəvər dəmir yolu xətlərinin tikintisinin üzv dövlətlər üçün hansı faydaları olacaq?

- Qeyd etdiyiniz marşrutlar türk dövlətlərinin yerləşdiyi Orta dəhlizin önəmli həlqələri və kənar bağlantılarıdır. Bu dəhlizin rəqabətliliyi həm də kənar bağlantılarının inkişafından asılı olacaq. Türk dövlətləri Orta dəhliz vasitəsilə öz aralarında, eyni zamanda Çin və Avropa İttifaqı arasında yük və sərnişindaşımalarını həyata keçirəcək, Rusiya, İran, Əfqanıstan, Pakistan və Hindistan bağlantıları ilə potensialını və rəqabətliliyini daha da gücləndirəcək və bununla türk respublikalarının tranzit potensialını və dünya iqtisadiyyatına inteqrasiyasını daha da dərinləşdirəcək. Bunların türk respublikalarının iqtisadiyyatları üçün ticarət, investisiya, iqtisadi təhlükəsizlik və s. kimi müxtəlif istiqamətlər üzrə faydası olacaq.

Yaxın gələcəkdə Türkiyənin digər türk dövlətləri ilə azad ticarət sazişləri imzalaması ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində faktiki olaraq Azad Ticarət Zonası qurulmuş olacaq

-Türk dövlətləri arasında azad ticarət rejiminin tətbiqi bu ölkələrin ticarət əlaqələrinin inkişafına necə təsir göstərir?

- Hazırda Türk Dövlətləri Təşkilatına üzv olan respublikalar arasında, Türkiyə istisna olmaqla, azad ticarət sazişləri mövcuddur. Yəni hazırda Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Azərbaycan öz məhsullarını bir-birinə, demək olar ki, heç bir gömrük tarifi və rüsumu olmadan ixrac edə bilirlər. Eyni qaydada Rusiya da bu respublikalara öz məhsullarını sata bilir. Yaxın gələcəkdə Türkiyənin digər türk dövlətləri ilə azad ticarət sazişləri imzalaması ilə Türk Dövlətləri Təşkilatı çərçivəsində faktiki olaraq Azad Ticarət Zonası qurulmuş olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə, Qazaxıstan və Qırğızıstan Ümumdünya Ticarət Təşkilatının üzvləridir və bu təşkilat azad ticarət rejimini dəstəkləyir. Türkiyənin Avropa İttifaqı ilə Gömrük İttifaqında olması da bu sazişləri imzalamağı istisna etmir. Fikrimcə, türk dövlətlərinin Türkiyə ilə ticarət əlaqələrini tam şəkildə sərbəstləşdirməsi bu ölkələrin regional iqtisadi inteqrasiyası istiqamətində önəmli addım olacaq. Azad ticarət rejimi üzv ölkələrin bir-biri ilə daha çox ticarət etməsi və iqtisadi əməliyyatların xərclərinin aşağı salınması deməkdir. Ancaq unutmaq lazım deyil ki, üzv ölkələr arasında ticarətin inkişafına maneə olan amillər təkcə gömrük tarifləri deyil, bundan daha da təsirli digər amillər, xüsusilə infrastruktur və instutisional amillər var…

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?