10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məsumə Talıbova: "Rəqəmsallaşma daha çox investisiya cəlbinə səbəb olacaq" MÜSAHİBƏ

İqtisadiyyatın rəqəmsallaşdırılması son illər dünya iqtisadiyyatının ən mühüm trendlərindəndir. Bu trendlə ayaqlaşmaq üçün Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı əsasında ölkəmizdə Rəqəmsal Ticarət Qovşağı yaradılıb. Qovşağın rəhbəri Məsumə Talıbova “vergiler.az”ın ölkədə rəqəmsal iqtisadiyyatın qurulması ilə bağlı suallarını cavablandırıb.

- Ölkə üzrə iqtisadiyyatın rəqəmsallaşdırılması ilə bağlı vəziyyət necə səciyyələndirilə bilər?

- Azərbaycan bir çox sahələrdə innovativliyə və inkişafa meyilliliyi ilə seçilir. Daim yeni qlobal trendlərin ölkəmizə gətirilməsi və tətbiqi aktualdır. 2020-ci ilin məlumatlarına əsasən, informasiya və rabitə sektorunun ÜDM-də payı 2 faiz olub. 2005-2019-cu illər ərzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda yaradılmış əlavə dəyər 320 milyon manatdan 1 milyard 279 milyon manata qədər artıb. Bu gün Azərbaycanda “bir pəncərə” sistemi ilə 450-dən çox dövlət xidməti elektron formada təqdim olunur. Ümumilikdə isə dövlət və özəl qurumlar tərəfindən 1.000-dən artıq e-xidmət təklif olunur. İKT sektoru strukturunda mobil telefon rabitəsi 41 faiz payla birinci yerdədir və ölkənin 100%-i tam mobil şəbəkə ilə əhatə olunur. Son 7 il ərzində mobil elektron imza ilə 100 milyondan çox tranzaksiya həyata keçirilib ki, bununla da yüz milyonlarla iş saatına qənaət edilib.

- Azərbaycanda iqtisadiyyatın hansı sahələrində rəqəmsallaşma daha sürətlə gedir?

- Dövlət idarəetməsinin rəqəmsallaşmasının sürətlə həyata keçirilməsi bir sıra önəmli dövlət layihələrini ərsəyə gətirib. Dövlət Nəzarəti İnformasiya Sistemi, Azərbaycan Rəqəmsal Ticarət Qovşağı, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, dövlət satınalmaları üçün elektron satınalma platforması, dövlət statistik məlumatların əldə edilməsi üçün e-sənəd dövriyyəsi sistemi, elektron məhkəmə sistemi, elektron səhiyyə xidməti, elektron təhsil, elektron sosial xidmətlər, əmlak və torpaqların elektron kadastrı və s. kimi rəqəmsallaşmış sahələrin yaradılmasını buna misal göstərmək olar. Bundan başqa, dövlət proqramlarının, strateji yol xəritələrinin, tədbirlər planlarının və s. fəaliyyətlərin monitorinqini və qiymətləndirilməsini həyata keçrimək üçün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “monitoring.az” portalı yaradılıb.

Bu gün Azərbaycanda “bir pəncərə” sistemi ilə 450-dən çox dövlət xidməti
elektron formada təqdim olunur. Ümumilikdə isə dövlət və özəl
qurumlar tərəfindən 1.000-dən artıq e-xidmət təklif olunur.

Yerli icra hakimiyyəti orqanlarında elektronlaşma prosesi elektron bələdiyyə sistemi ilə başlanıb, 2021-ci ilin may ayından isə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “Rəqəmsal icra hakimiyyəti” portalının ilkin versiyası ilə davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2021-ci il tarixli “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərmanında göstərilir ki, iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası son illərdə Azərbaycanın qarşısında duran prioritetlərdəndir. Kağızsız ticarət prosedurlarının aparılması, Rəqəmsal Ticarət Qovşağının və Azərbaycan mənşəli məhsulların elektron satışını həyata keçirən “Azexport” portalınının fəaliyyət istiqamətləri, “Sərbəst satış sertifikatı”nı və ixrac üçün tələb olun digər sertifikatları elektron formada əldə etmək imkanının yaradılması, gömrük bəyannamələrinin elektronlaşdırılması və s. kimi prosedurların rəqəmsal transformasiyası ölkədə ticarət sahəsinin də sürətlə rəqəmsallaşması qənaətinə gəlməyə əsas verir.

İlk “Azerspace 1” peyki orbitə buraxıldıqdan sonra isə peyk rabitəsi xidmətlərinin göstərilməsinə başlanılıb. Bu fəaliyyət növü üzrə xidmətlərin göstərilməsində 2013-2019-cu illər arasında 8 dəfə artım olub.

- Həyata keçirilən islahatlar ölkənin beynəlxalq reytinqlərdə yerinə necə təsir göstərir?

- Beynəlxalq səviyyədə ən öncül hesabatlardan hesab olunan Beynəlxalq Telekommunikasiya İttifaqının “Qlobal kibertəhlükəsizlik indeksi 2020” (GCI) hesabatı üzrə Azərbaycan cari ildə 15 pillə irəliləyərək 40-cı yerə yüksəlib. Ümumilikdə, ölkəmiz 89.31 xal ilə MDB ölkələri arasında Rusiya və Qazaxıstandan sonra 3-cü yerdədir. Ölkəmizin rəqəmsal həllər sahəsində sıx əməkdaşlıq etdiyi Estoniyanın cari il indeksi üzrə 3-cü yerdə olması da təsadüfi deyil. Rəqəmsallaşma ölkənin qlobal müstəvidə inkişafına, digər ölkələrlə inteqrasiyasına, beynəlxalq ticarətin və transsərhəd əməliyyatların həcminin artırılmasına da öz müsbət töhfəsini verir. BMT-nin “Ticarət prosedurlarının sadələşdirilməsi məsələləri üzrə qlobal tədqiqatı”nda Azərbaycan 2019-cu illə müqayisədə 5% artım nümayiş etdirərək ümumilikdə 86.02% göstərici ilə həm qonşu dövlətlər, həm də MDB ölkələri arasında 1-ci yerdə qərarlaşıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi transsərhəd ticarət prosedurlarının sadələşdirilməsinə gətirib çıxarıb, elektron və kağızsız ticarətin, xüsusilə də transsərhəd kağızsız ticarətin inkişafını stimullaşdırıb. Təsadüfi deyil ki, Azərbaycan reytinqin transsərhəd kağızsız ticarət alt indikatoru üzrə 2 il müddətinə 33% artıma nail olub və bu sahənin inkişaf sürətinə görə qlobal səviyyədə öncül mövqe tutub. Gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl dəhliz”, “Avtomatlaşdırılmış gömrük sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin və sertifikarların elektron formada təqdim edilməsi, eləcə də gömrük rüsumları və vergilərinin elektron qaydada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə xidmət edir.

Rəqəmsallaşma ölkənin qlobal müstəvidə inkişafına, digər ölkələrlə
inteqrasiyasına, beynəlxalq ticarətin və transsərhəd əməliyyatların
həcminin artırılmasına da öz müsbət töhfəsini verir.

- Ölkəmizdə iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı hansı yeniliklər gözlənilir?

- Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafı üçün çox əlverişli imkanlara malikdir. Ölkəmizin çoğrafi mövqeyi, qlobal müstəvidə rəqəmsal gündəlikdə iştirakı, beynəlxalq əməkdaşlıqları bu prosesi sürətləndirən amillərdəndir. Rəqəmsallaşma beynəlxalq inteqrasiyalar sahəsində ikiistiqamətli qarşılıqlı təsirə malik olmaqla iqtisadi inkişafın da başlıca drayverlərindən hesab olunur. Beynəlxalq inteqrasiyalar nəticəsində qlobal trendlərə daha yaxın olmaq, onlara uyğunlaşmaq və onları daha çevik tətbiq etmək imkanı yarandığı kimi, rəqəmsallaşma səviyyəsinin artması da beynəlxalq inteqrasiyaları asanlaşdırır. Rəqəmsallaşmanın ölkənin inkişafındakı əhəmiyyətli rolunu nəzərə alaraq gələcəyə dair bütün strategiyalarda bu sahə prioritet olaraq qiymətləndirilir. Təsadüfi deyil ki, Qarabağın inkişaf strategiyasında işğaldan azad olunmuş ərazilərdə “smart city” və “smart village” tipli yüksək texnoloji infrastruktura malik şəhər və kəndlərin qurulması da var. Bu faktor iqtisadi inkişaf üçün çox önəmli addım kimi qiymətləndirilə bilər. Rəqəmsallaşmanın yüksək olması investisiya multiplikatorunu artıran amil olaraq daha çox investisiya cəlbinə səbəb olacaq və təkcə Qarabağ regionunun deyil, bütün ölkənin iqtisadi inkişafına təkan verəcək. Artıq mövcud olan elektron dövlət-özəl tərəfdaşlıq platforması - Rəqəmsal Ticarət Qovşağı da investisiyaların rəqəmsal formatda, yəni investorların Azərbaycana gəlmədən bu platforma üzərindən həyata keçirməsinə imkan yaradır. Qeyri-rezidentlər onlayn şəkildə Azərbaycanın elektron və ya mobil rezidenti ola, burada öz şirkətini yarada, bank hesabı aça və müxtəlif əməliyyatları həyata keçirə bilərlər. Prezidentin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Fərmanına əsasən, bütün dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin vahid “bulud” texnologiyalarına keçid etməsinə də artıq start verilib və bu keçidin 2024-cü ilədək tamamlanması nəzərdə tutulub. Bu transformasiya özlüyündə dövlət idarəetməsinin rəqəmsallaşması istiqamətində çox önəmli addım olmaqla yanaşı, gələcəkdə digər texnoloji yeniliklərin tədbiqinə də müsbət töhfəsini verəcək.

Rəqəmsallaşmanın yüksək olması investisiya multiplikatorunu artıran amil olaraq daha çox investisiya cəlbinə səbəb olacaq və təkcə Qarabağ regionunun deyil, bütün ölkənin iqtisadi inkişafına təkan verəcək.

Rəqəmsallaşmanın yüksək olması investisiya multiplikatorunu artıran
amil olaraq daha çox investisiya cəlbinə səbəb olacaq və təkcə Qarabağ
regionunun deyil, bütün ölkənin iqtisadi inkişafına təkan verəcək.

- Rəqəmsal iqtisadiyyatın inkişafı gələcəkdə əhalinin məşğulluğuna necə təsir göstərə bilər? Rəqəmsallaşma səviyyəsinin yüksəlməsi sonda məşğulluqla bağlı problemlərin yaranmasına səbəb ola bilərmi?

- Azərbaycan xalqının innovativliyə meyilliliyi və yeniliklərə yüksək adaptasiya olmaq qabiliyyəti ölkəmizdə rəqəmsallaşmaya keçidin daha rahat və sürətli baş verəcəyini proqnozlaşdırmağa imkan verir. Rəqəmsallaşma ilə paralel bu sahədə tələb olunan peşələrə uyğun kadrların hazırlanması önəmli məsələlərdəndir. Bu səbəbdən də rəqəmsal bacarıqlara malik kadr potensialının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlərin aparılmasına başlanılıb. Özəl kurslarda müxtəlif rəqəmsal ixtisaslar üzrə kadr hazırlanması prosesi üçün dövlət tərəfindən maliyyə vəsaiti ayrılıb, universitetlərdə rəqəmsal iqtisadiyyat, data analitikası, elektron kommersiya və s. kimi yeni ixtisaslar tədris edilir. İKT sahəsində son zamanlar daha çox tələbat artımı müşahidə olunan ixtisaslardan biri kibertəhlükəsizlikdir. Azərbaycanda da bu istiqamətdə işlər davam etdirilir. Görülən tədbirlər öz növbəsində Azərbaycanın bu sahədə inkişaf perspektivlərinin yüksək olduğu anlamına gəlir və gələcəkdə əhalinin məşğulluqla bağlı problemlə üzləşmək riskini azaldır.

Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?