5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ƏDV məqsədləri üçün avans vəsait daxil olduqda vergi tutulan əməliyyatlar

Vergi Məcəlləsinin 166.2-ci maddəsi ƏDV məqsədləri üçün avans vəsait daxil olduqda vergi tutulan əməliyyatların aparıldığı vaxtı müəyyənləşdirir. Bu maddəyə əsasən, ödəmə 166.1.1-ci və ya 166.1.2-ci maddələrdə göstərilən müddət başlananadək həyata keçirildikdə, ödəmədən sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Vergi tutulan əməliyyat üçün iki və ya daha çox ödəmə aparılırsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin 166.2-ci maddəsinə əsasən, ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi müddət başlananadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa və avans ödənildikdən sonrakı 5 gün ərzində elektron vergi hesab-fakturası verilmirsə, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır. Amma avans ödənildikdən sonrakı 5 gün ərzində elektron vergi hesab-fakturası verilirsə, vergi tutulan əməliyyatın vaxtı elektron vergi hesab-fakturasının verildiyi tarix sayılır.

Burada bir məqamı qeyd etmək lazımdır ki, elektron vergi hesab-fakturası ancaq mallar, işlər və xidmətlər təhvil veriləndən sonra təqdim edilməlidir. Bu maddənin şərtindən belə çıxır ki, avans alan vergi ödəyicisi avansı alandan sonra 5 gün müddətində malları, işləri və xidmətləri qarşı tərəfə təqdim etməlidir ki, buna görə elektron vergi hesab-fakturası göndərə bilsin. Beləliklə, avans alınmalıdır, avans alındıqdan sonra 5 gün müddətində mallar, işlər və xidmətlər təhvil verilməlidir və bu müddətdə elektron vergi hesab-fakturası göndərilməlidir ki, onun göndərildiyi vaxt vergi tutulan tarix sayılsın. Əks halda, avansın daxil olduğu vaxt vergi tutulan tarix sayılır.

Ödəmə malların göndərildiyi, işlərin görüldüyü və xidmətlərin göstərildiyi
müddət başlananadək həyata keçirilirsə, yəni ƏDV ödəyicisi malları, işləri və
xidmətləri göndərəcəyi qarşı tərəfdən avans məbləğ alırsa və avans
ödənildikdən sonrakı 5 gün ərzində elektron vergi hesab-fakturası
verilmirsə, vergi tutulan əməliyyatın vaxtı avansın ödənildiyi tarix sayılır

Misal 1: ƏDV ödəyicisi olan "A" firmasına təqdim edəcəyi mallara görə aprel ayının 28-də alıcı "B" firmasından 10.000 manat (ƏDV-siz) avans vəsait daxil olub. May ayının 1-də "A" firması malları "B" firmasına təhvil verib və elektron vergi hesab-fakturası may ayının 2-də təqdim olunub. Bu halda vergi tutulan əməliyyatın vaxtını müəyyənləşdirək.

Elektron vergi hesab-fakturası təqdim edildiyi tarix (2 may) avansın verildiyi tarixdən (28 aprel) sonrakı 5 günə daxil olduğu üçün vergi tutulan dövriyyənin tarixi EVHF təqdim edildiyi tarix - 2 may sayılır və satılan 10.000 manatlıq malların dövriyyəsi may ayının ƏDV bəyannaməsində göstərilməklə "A" firması may ayında 1.800 manat (10.000 x 18% = 1.800) ƏDV hesablamalıdır.

Misal 2: ƏDV ödəyicisi olan "A" firmasına təqdim edəcəyi mallara görə aprel ayının 28-də alıcı "B" firmasından 20.000 manat (ƏDV-siz) avans vəsait daxil olub, may ayının 1-də "A" firması malları "B" firmasına təhvil verib və elektron vergi hesab-fakturası may ayının 6-da təqdim olunub. Bu halda vergi tutulan əməliyyatın vaxtını müəyyənləşdirək.

Elektron vergi hesab-fakturasının təqdim edildiyi tarix (6 may) avansın verildiyi tarixdən (28 aprel) 8 gün sonra olduğu üçün vergi tutulan dövriyyənin tarixi avansın daxil olduğu vaxt, yəni aprel ayının 28-i sayılır. Buna görə də satılan 20.000 manatlıq malların dövriyyəsi aprel ayının ƏDV bəyannaməsində göstərilməklə "A" firması aprel ayında 3.600 manat (20.000 x 18% = 3.600) ƏDV hesablamalıdır.

Misal 3: ƏDV ödəyicisi olan "A" firmasının may ayının 30-da "B" və "C" firmalarına göstərdiyi xidmətlərin ƏDV-siz ümumi dəyəri 7.000 manat olub. "B" firmasına göstərdiyi xidmətlərin dəyərinin 2.000 manatı əvvəlcədən mayın 28-də, 1.000 manatı isə mayın 31-də, "C" firmasına göstərdiyi xidmətlərin dəyəri - 4.000 manat isə əvvəlcədən – mayın 29-da ödənilib. Vergi ödəyicisi "B" və "C" firmalarına göstərilmiş xidmətlərin ümumi dəyərinə elektron vergi hesab-fakturasını iyunun 2-də verib. Bu halda vergi tutulan əməliyyatın vaxtını müəyyənləşdirək.

"A" firmasının mayın 30-da "B" firmasına göstərdiyi xidmətin 1.000 manatı mayın 31-də ödənilib, yəni bir gün sonra bu hal 30 gün daxilində olduğu üçün 180 manat (1.000 x 18% = 180) ƏDV may ayında hesablanır. "B" firmasına göstərilmiş xidmətin 2.000 manatı xidmət göstərilməmişdən əvvəl – mayın 28-də ödənildiyi (yəni avans olduğu) üçün birinci fakturanın yazıldığı tarixə baxırıq. Hesab-faktura iyun ayının 2-də, yəni avansın verildiyi tarixdən 6 gün sonra yazıldığı üçün vergi tutulan əməliyatın tarixi avansın verildiyi vaxt, yəni 28 may götürülür və 360 manat (2.000 x 18% = 360) ƏDV may ayında hesablanır. "C" firmasına göstərilmiş xidmətin 4.000 manatı xidmət göstərilməmişdən əvvəl – mayın 29-da ödənildiyi, yəni avans olduğu üçün birinci fakturanın yazıldığı tarixə baxırıq. Hesab-faktura iyunun 2-də yazıldığı, yəni avansın ödənildiyi tarixdən sonrakı 5 gün daxilində olduğu üçün vergi tutulan dövriyyənin tarixi EVHF təqdim edildiyi tarix – 2 iyun götürülür və 720 manat (4.000 x 18% = 720) ƏDV iyun ayında hesablanır. Yekun olaraq, "A" firması "B" firmasına göstərdiyi 3.000 manatlıq (1.000 + 2.000 = 3.000) xidmətlərin dövriyyəsini may ayının, "C" firmasına göstərdiyi 4.000 manatlıq xidmətlərin dövriyyəsini isə iyun ayının ƏDV bəyannaməsində göstərilməklə may ayında 540 manat (180 + 360 = 540), iyun ayında isə 720 manat ƏDV hesablamalıdır.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması