Postpandemiya dövründə iqtisadiyyatın yeni inkişaf meyillərinə təsir edəcək amillər

2020.05.26 14:54 (UTC+04:00)

Pandemiyadan sonrakı dövrdə iqtisadi inkişafın təmin olunması ilə bağlı "vergiler.az"ın suallarını cavablandıran iqtisadçı ekspert Fikrət Yusifov bildirib ki, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyacaq: "Bunun alternativi yoxdur. İqtisadiyyatımız son 5 ildə ikinci dəfədir ki, dünya bazarlarında neftin qiymətinin birdən-birə kəskin ucuzlaşması səbəbindən şok yaşayır. Buna görə də qeyri-neft sektorunun ikirəqəmli artım sürətini təmin edə biləcək və hər bir müddəası real sektorun üstün inkişafına xidmət edəcək xüsusi proqram hazırlanmalıdır.

Ölkənin bütün regionlarında kiçik və orta müəssisələrin yaradılmasını əhatə edəcək dövlət proqramının maliyyə təminatı üçün valyuta ehtiyatlarımızdan istifadə etmək lazımdır.

İkinci yol ölkə iqtisadiyyatına xarici investisiyaları maksimum cəlb etməkdən keçir. Xarici investisiyaların kütləvi axını o zaman mümkün ola bilər ki, investor bu yatırımlardan daha çox qazanc əldə edə bilsin. Bunun üçün xarici və yerli kapitalla qurulacaq istehsal təyinatlı müəssisələrə 10 il müddətinə böyük güzəştlər vermək olar. Lakin burada yerli müəssisələrin rəqabətqabiliyyətli olmasını təmin edə biləcək zəruri addımlar nəzərdə tutulmalıdır.

Üçüncü yol bankların üzünü real sektora çevirməkdir. Bu gün bank sektoru iqtisadiyyatın real sektorunu, demək olar ki, kreditləşdirmir. İqtisadiyyatın qeyri-neft sənayesi, kənd təsərrüfatı və tikinti sektorunun kredit yükü bir neçə dəfə azalıb və tendensiyanın qısa zamanda aradan qaldırılması lazımdır. Biznesin maliyyə əlçatanlığı olmasa, indiyə qədər qəbul etdiyimiz və bundan sonra qəbul edəcəyimiz qərarların, proqramların gerçək nəticələr verməsi çətindir".

Fəxriyyə İKRAMQIZI