Qarşılıqlı asılı şəxslər və əlaqəli tərəflər anlayışlarının müqayisəli hüquqi-mühasibat təhlili - II HİSSƏ MƏQALƏ

2026.10.13 12:34 (UTC+04:00)

Yazının əvvəlki hissəsi ilə buradan tanış olmaq olar.

6. Dördüncü paralellik: yaxın ailə üzvləri

IAS 24 fiziki şəxsin yaxın ailə üzvlərinə xüsusi diqqət yetirir. Bu, standartın əlaqəli tərəf anlayışının mühüm elementlərindən biridir.

Misal 4: Tutaq ki: “A” şirkətinin 60%-i Əli Əliyevə (ad şərtidir) məxsusdur. Onun həyat yoldaşı “B” şirkətinin direktorudur. “B” şirkəti “A” şirkətindən xidmət alır.

IAS 24 baxımından ailə əlaqəsi və idarəetmə/nəzarət münasibətləri ayrıca qiymətləndirilə bilər. Burada məqsəd odur ki, maliyyə hesabatı istifadəçisi əməliyyatın sırf “müstəqil bazar iştirakçıları” arasında aparılmış əməliyyat olub-olmadığını daha yaxşı anlaya bilsin.

Vergi hüququnda isə eyni nəticəni avtomatik olaraq IAS 24-dən çıxarmaq olmaz. Burada Vergi Məcəlləsinin 18-ci maddəsinin konkret meyarları tətbiq edilməlidir.

7. Ən mühüm fərq: vergi norması və açıqlama standartı

Bu fərqi xüsusi vurğulamaq lazımdır. IAS 24-ün adı əlaqəli tərəflər haqqında açıqlamalardır. Standartın əsas funksiyası maliyyə hesabatı istifadəçisinə şəffaflıq yaratmaqdır. IAS 24 əlaqəli tərəf münasibətlərini və əlaqəli tərəf əməliyyatlarını müəyyən edir və müəyyən hallarda onların mahiyyəti, məbləği, qalıqları və digər məlumatların açıqlanmasını tələb edir.

Vergi Məcəlləsinin 18-ci maddəsi isə öz-özlüyündə “açıqlama standartı” deyil. O, vergi məqsədləri üçün xüsusi hüquqi status müəyyən edir. Buna görə də IAS 24-də əsasən əlaqəli tərəf (related party) olmaq avtomatik olaraq vergi qanunvericiliyində qarşılıqlı asılı şəxs olmaq demək deyil. Eyni şəkildə Məcəllənin 18-ci maddəsi üzrə qarşılıqlı asılı şəxs olmaq avtomatik olaraq IAS 24-də eyni kateqoriyaya düşmək demək deyil.

8. Eyni əməliyyatın iki sistemdə fərqli nəticəsi

Bunu konkret nümunə ilə göstərmək daha faydalıdır.

Misal 5: “A” fiziki şəxsi “B” şirkətinə 100.000 manat faizsiz borc verir. “A” və “B” arasında mülkiyyət əlaqəsi yoxdur. Fiziki şəxs “B” şirkətinin direktoru deyil, şirkətə nəzarət etmir. Vergi baxımından əgər 18-ci maddə üzrə qarşılıqlı asılılıq meyarları mövcud deyilsə, yalnız pulun verilməsi faktından “A” ilə “B” şirkəti arasında qarşılıqlı asılılıq olduğu nəticəsi çıxarmaq olmaz. Lakin əməliyyatın digər vergi normaları üzrə nəticəsi ayrıca qiymətləndirilməlidir.

IAS 24 baxımından əgər həmin fiziki şəxs “B” şirkətinin nəzarətçisi, birgə nəzarətçisi, əhəmiyyətli təsirə malik şəxsi və ya əsas rəhbər heyət üzvü deyilsə, yalnız borc verməsi faktı “A”-nı avtomatik olaraq “B”-nin əlaqəli tərəfi etmir.

Deməli, burada hər iki sistemdə nəticə eyni istiqamətdə ola bilər: Münasibət xüsusi əlaqəli/qarşılıqlı asılı münasibət kimi təsnif edilmir. Amma bunun səbəbi iki sistemin eyni olması deyil. Səbəb odur ki, konkret faktlar hər iki sistemin meyarlarını ödəmir.

9. Təsisçinin şirkətə faizsiz borcu

Misal 6: Tutaq ki, “A” fiziki şəxs “B” şirkətində 80%-lik paya malik olan təsisçisidir. O, şirkətə 100.000 manat faizsiz borc verir. Vergi hüququ baxımından “A” ilə “B” arasında açıq şəkildə xüsusi əlaqə mövcuddur. Kapital iştirakının 20%-lik həddini aşması Vergi Məcəlləsinin 18.2.1-ci maddəsinin meyarına uyğundur. Vergi nəticəsi artıq sadəcə “100.000 manat borcdur” səviyyəsində qalmır. Dövlət Vergi Xidmətinin hazırkı izahında da təsisçi ilə müəssisə arasındakı faizsiz borc nümunəsində qarşılıqlı asılılıq və bazar qiyməti mexanizminin nəticələri ayrıca izah edilir.

IAS 24 baxımından “A” “B” şirkətinin nəzarətçisidir. Deməli, onlar əalqəli tərəflərdir (related party). 100.000 manat borc isə related party transaction kimi qiymətləndirilə bilər. IAS 24 baxımından bu münasibətin maliyyə hesabatında açıqlanması əhəmiyyət daşıyır.

Burada iki sistem çox yaxın nəticəyə gəlir:

Vergi Məcəlləsinin 18-ci maddəsi → xüsusi vergi münasibəti;

MHBS-in IAS 24 standartı → əlaqəli tərəf münasibəti və açıqlama.

Bu, Vergi Məcəlləsinin 18-ci maddəsi ilə IAS 24 arasındakı paralelliyin ən aydın nümunələrindən biridir.

10. Eyni şəxsin iki şirkətdə direktor olması

İndi daha mürəkkəb vəziyyətə baxaq.

Misal 7: Tutaq ki, “A” fiziki şəxs eyni vaxtda həm “X” şirkətinin, həm də “Y” şirkətinin direktorudur. Ancaq bu şirkətlərin heç birində pay sahibi deyil. “X” və “Y” şirkətləri arasında da kapital əlaqəsi yoxdur.

IAS 24 standartı baxımından A hər iki müəssisənin əsas rəhbər heyətinin üzvüdürsə, onun hər iki müəssisə ilə əlaqəli tərəf münasibəti yarana bilər. Deməli, “X” ilə “Y” şirkətləri arasında əməliyyat baş verərkən “A”-nın hər iki şirkətdə rəhbər olması IAS 24 baxımından ciddi açıqlama məsələsi yarada bilər.

Vergi Məcəlləsinin 18-ci maddəsinin tələbələri baxımından burada “A hər iki şirkətin direktorudur, deməli “X” və “Y” avtomatik “qarşılıqlı asılıdır” nəticəsi çıxarmaq olmaz. Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulan konkret nəzarət, tabeçilik və digər meyarlar ayrıca araşdırılmalıdır.

Bu nümunə iki sistemin fərqini çox aydın göstərir:

IAS 24 standartı idarəetmə əlaqəsinə daha geniş maliyyə hesabatı perspektivindən baxa bilər. Vergi Məcəlləsi isə özünün müəyyən etdiyi vergi hüquqi meyarlarına əsaslanır.

11. Üçüncü şəxsin nəzarəti

Misal 8: Tutaq ki, “A” şirkətinin 70%-i “C” şirkətinə məxsusdur. “B” şirkətinin də 80%-i “C” şirkətinə məxsusdur. “A” və “B” şirkətləri arasında birbaşa kapital əlaqəsi yoxdur. Amma hər ikisi “C”-nin nəzarətindədir.

Üçüncü şəxsin birbaşa və ya dolayı nəzarəti altında olan şəxslərin qarşılıqlı asılılığı Vergi Məcəlləsinin 18-ci maddəsinin ayrıca nəzərdə tutduğu hallardandır.

Eyni qrup daxilindəki müəssisələr IAS 24 stardartında əlaqəli tərəflər (related party) münasibətlərinə daxil olur. Standart eyni qrupun ana, törəmə və digər törəmə müəssisələri arasındakı münasibətləri açıq şəkildə nəzərdə tutur. Bu, iki normanın ən güclü paralellərindən biridir.

IAS 24-ün çox vacib xüsusiyyətlərindən biri budur ki, əlaqəli tərəf münasibətinin özü belə maliyyə hesabatı istifadəçisi üçün əhəmiyyətli ola bilər.

Standartın izahında qeyd olunur ki, əlaqəli tərəf münasibətinin mövcudluğu, hətta həmin tərəflər arasında əməliyyat baş verməsə belə, müəssisənin maliyyə vəziyyətinə və nəticələrinə təsir göstərə biləcək münasibətlər haqqında istifadəçinin qiymətləndirməsi üçün əhəmiyyət daşıya bilər.

12. Əlaqəli tərəf var, amma əməliyyat yoxdur

Misal 9: Tutaq ki, “A” şirkəti “B” şirkətinin 100%-lik ana şirkətidir. İl ərzində onlar arasında heç bir satış olmayıb. Buna baxmayaraq, “A” və “B” şirkətləri arasındakı əlaqə maliyyə hesabatı baxımından əhəmiyyətli ola bilər.

Vergi hüququnda isə sadəcə “əlaqə mövcuddur” faktının özü hər hansı konkret vergi məbləği yaratmır. Vergi nəticəsi üçün müvafiq vergi norması və əməliyyatın faktiki halları ayrıca araşdırılmalıdır.

13. Əlaqəli tərəf əməliyyatı qiymətsiz də ola bilər

IAS 24-ün mühüm cəhətlərindən biri “related party transaction” anlayışının yalnız pullu satışlarla məhdudlaşmamasıdır. Standart əlaqəli tərəflər arasında resursların, xidmətlərin və ya öhdəliklərin ötürülməsini nəzərdə tutur və bunun üçün mütləq qiymətin tutulması şərt deyil.

Misal 10: Məsələn: A şirkəti B şirkətinə pulsuz idarəetmə xidməti göstərir. A və B əlaqəli tərəflərdirsə, əməliyyat IAS 24 baxımından related party transaction kimi əhəmiyyət kəsb edə bilər.

Bu, çox mühüm nəticədir: “Pul ödənilməyibsə, əlaqəli tərəf əməliyyatı yoxdur” fikri IAS 24 baxımından düzgün deyil.

Vergi baxımından isə həmin əməliyyatın vergitutma nəticəsi Vergi Məcəlləsinə əsasən ayrıca müəyyən edilir.

14. “Əlaqəli tərəf” və “qarşılıqlı asılı şəxs” niyə eyni termin deyil?

Terminoloji fərq təsadüfi deyil. Vergi Məcəlləsində “qarşılıqlı surətdə asılı şəxslər” terminindən istifadə edir. IAS 24 standartında isə əlaqəli tərəflər (“related party”) terminindən istifadə edilir. Bunlar müxtəlif hüquqi sistemlərin müxtəlif məqsədlərlə yaratdığı kateqoriyalardır.

Ona görə elmi və peşəkar məqalədə belə yazmaq daha düzgün olar:

“Vergi Məcəlləsinin 18-ci maddəsi və IAS 24 standartı funksional baxımdan analoji əlaqə kateqoriyalarını müəyyən etsə də, onların subyekt dairəsi, müəyyən etmə meyarları, məqsədi və hüquqi nəticələri tam eyni deyildir.”