İşçinin məzuniyyəti 2 ayı əhatə etdikdə hesablanma və bunun bəyannamədə əks etdirilməsi

2026.04.23 09:50 (UTC+04:00)

Əmək Məcəlləsində son dəyişiklikdən sonra məzuniyyət haqqının hesablanması, məbləğin sonuncu əməkhaqqı ilə müqayisəsi qaydalarını ötən məqalədə (https://vergiler.az/news/opinion/38942.html) izah etdik. Bu dəfə isə iqtisadçı ekspert Anar Bayramov iki ayı əhatə edən məzuniyyət dövrü üzrə hesablamaların aparılması məqamlarını nümunələr əsasında aydınlaşdırır.

Misal 1: Beşgünlük iş rejimində çalışan işçi 23 fevral 2026-cı il tarixdən 14 gün müddətinə əmək məzuniyyəti hüququndan istifadə edir. Vəzifə (tarif) maaşı 3.750 manat olan işçiyə əməkhaqqına hər hansı əlavə hesablanmır. Son 12 ay üzrə məzuniyyət üçün hesablanan orta əməkhaqqına əsasən, 1 təqvim gününə düşən məbləğ 150,85 manat təşkil edir.

İlk olaraq məzuniyyət dövrünü müəyyən edək.

23 fevraldan 9 martadək (hər iki tarix daxil olmaqla) 15 təqvim günü mövcuddur. Amma məzuniyyət dövrünə təsadüf edən 14 təqvim günü hesablanarkən 8 Mart – Beynəlxalq Qadınlar Günü məzuniyyət günlərinə daxil edilmir. Әmək Məcəlləsinin 114-cü maddəsinin 6-cı hissəsinə əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilmir və ödənilmir, lakin məzuniyyətin müddəti həmin günlərin sayı qədər uzadılır.

Beləliklə:

Məzuniyyətin başlanma tarixi: 23 fevral 2026-cı il;
Məzuniyyətin bitmə tarixi: 9 mart 2026-cı il;
İşçinin işə başlama tarixi: 10 mart 2026-cı il;
Məzuniyyətin ümumi müddəti: 14 təqvim günü.

Sonuncu әmәkhaqqını müәyyәn etmәk üçün mәzuniyyәt dövrünә düşәn iş günlәrini müәyyәn edәk:

Beşgünlük iş rejimi üzrə:

Fevral (23–27 fevral 2026) - 5 iş günü;
Mart (2–6 mart 2026) - 5 iş günü.

Qeyd edək ki, 9 mart – bayram gününün istirahət gününə düşməsi səbəbindən növbəti iş gününə keçirilmiş qeyri-iş günüdür. Әmək Məcəlləsinin 114-cü maddəsinin 5-ci hissəsinə əsasən, həftələrarası istirahət günləri ilə iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 2026-cı ilin istehsalat təqviminə əsasən, 9 mart (bazar ertəsi) qeyri-iş günü hesab edilir.

Beləliklə, məzuniyyət dövrünə təsadüf edən ümumi iş günlərinin sayı:
5 gün (fevral) + 5 gün (mart) = 10 iş günü.

Sonuncu әmәkhaqqı üzrә hesablanmanı (Əmәk Mәcәllәsinin 111-ci maddәsinә istinadla) hәyata keçirәk:

Fevral ayı üzrә iş günlərinin sayı: 20 iş günü;
Məzuniyyət dövrünə düşən iş günləri: 5 iş günü.

Hesablama:
(3,750 : 20) x 5 = 187,50 x 5 = 937,50 manat.
Mart ayı üzrә iş günlərinin sayı: 14 iş günü;
Məzuniyyət dövrünə düşən iş günləri: 5 iş günü.

Hesablama:
(3.750 : 14) x 5 = 267,86 x 5 = 1.339,29 manat.
Məzuniyyət dövrünü əhatə edən iş günləri üzrə ümumi məbləğ:
937,50 + 1.339,29 = 2.276,79 manat.

Orta əməkhaqqı ilə müqayisə aparaq:
1 təqvim günü üzrə orta əməkhaqqı: 150,85 manat;
14 təqvim günü üzrə: 150,85 x 14 = 2.111,90 manat;
Orta əməkhaqqı üzrə: 2111,90 manat;
Sonuncu əməkhaqqı üzrə: 2276,79 manat;
2111,90 manat < 2 276,79 manat.

Qanunvericiliyin tələbinə uyğun müqayisə aparıldıqda daha yüksək məbləğ ödənilməlidir. Bu halda işçiyə ödənilməli məzuniyyət haqqı 2276,79 manat təşkil edir.

Bəs məzuniyyət dövrü iki ayı əhatə edirsə, məbləğlər vahid bəyannamədə necə əks olunmalıdır?

Әmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən, məzuniyyət üçün orta əməkhaqqı hesablandıqdan sonra həmin məbləğ məzuniyyət dövrünün hansı ayına neçə təqvim günü düşürsə, həmin aylar üzrə bölünməlidir. Yəni 14 təqvim gününə görə hesablanan məzuniyyət haqqı tam şəkildə bir ayda deyil, hər aya təsadüf edən məzuniyyət günləri üzrə ayrıca nəzərə alınmalıdır. Çünki hər aya təsadüf edən məzuniyyət günləri üzrə məzuniyyət haqqı müvafiq olaraq həmin ayın gəliri kimi nəzərə alınmalı və həmin ay üzrə icbari ödənişlərə cəlb edilməlidir.

Misal 2: İşçi 21 yanvar 2026-cı il tarixdən 14 günlük əmək məzuniyyəti hüququndan istifadə edir. Əmək Məcəlləsinin 140-cı maddəsinin tələblərinə əsasən, hesablanan 1 günlük məzuniyyət haqqı 100 manat təşkil edir. Məzuniyyət dövrü 21 yanvar – 3 fevral 2026-cı il tarixlərini əhatə edir (14 təqvim günü).

Yanvar ayına təsadüf edən məzuniyyət günləri – 11 təqvim günü;
Fevral ayına təsadüf edən məzuniyyət günləri – 3 təqvim günü.

Hesablama:

Yanvar üzrə:100 x 11 = 1.100 manat;
Fevral üzrə:100 x 3 = 300 manat.

Beləliklə, 1.100 manat yanvar ayının gəlirlərində, 300 manat fevral ayının gəlirlərində nəzərə alınmalı və hər iki ay üzrə ayrıca icbari ödənişlərə cəlb edilməlidir.

Bəzi həmkarlarımız 14 təqvim gününə görə hesablanan 1.400 manatlıq məzuniyyət haqqını bütövlükdə bir ayın gəlirlərində qeyd edirlər, lakin bu, yanlışdır. Çünki hər aya təsadüf edən məzuniyyət günləri üzrə məzuniyyət haqqı müvafiq aylarda nəzərə alınmaqla icbari ödənişlərə cəlb edilməlidir.