Vergi Məcəlləsinə edilən son dəyişikliklərdən biri də işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergi və sosial sığorta güzəştlərinin Naxçıvan Muxtar Respublikasının rezidentlərinə də tətbiq edilməsi ilə bağlıdır. Bəs burada topdansatış fəaliyyəti göstərən sahibkarlıq subyekti həmin güzəştlərdən yararlana bilərmi?
“vergiler.az”ın bu sualına İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin baş dövlət vergi müfəttişi Anar Cabbarov aydınlıq gətirib. Onun sözlərinə görə, Vergi Məcəlləsinin 19-cu fəslində nəzərdə tutulan güzəştlər bəzi fəaliyət sahələrinə müəyyən şərtlər daxilində şamil edilir:
“Burada Naxçıvan Muxtar Respublikasının rezidentı dedikdə, ilk növbədə, Naxçıvan MR ərazisində qeydiyyata alınan və mərkəzləşmiş qaydada uçota alınan, bilavasitə Naxçıvan MR ərazisində fəaliyyət göstərən şəxslər nəzərdə tutulur. Məcəllənin 19-cu fəslində müəyyən fəaliyyət sahələri var ki, onlara güzəşt hüququnun hansı şərtlər daxilində verilməsi əksini tapıb. Topdansatış ticarəti ilə məşğul olan şəxs malı, işi, xidməti təqdim edən zaman həmin malların alıcıları mütləq qaydada Naxçıvan MR rezidentləri olmalıdırlar. Bu halda həmin topdansatış fəaliyyəti ilə məşğul olan şəxs güzəştlərdən yararlana biləcək. Mal satdığı şəxs Naxçıvan MR rezidenti deyilsə, güzəşt tətbiq olunmayacaq”.
Xatırladaq ki, bu ildən etibarən Naxçıvan MR-də işğaldan azad edilmiş ərazilərlə eyni vergi və sosial sığorta rejimi tətbiq edilir. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib. Bununla Naxçıvan Muxtar Respublikasının rezidenti olan vergi ödəyiciləri də mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad olunurlar. Eyni zamanda, dividend ödənişləri də vergidən azad edilir. Əlavə olaraq, Naxçıvan MR ərazisində yerləşən sənaye və texnologiyalar parklarının, sənaye məhəllələrinin rezidenti olan vergi ödəyicilərinə, eyni zamanda investisiya təşviqi sənədi almış vergi ödəyicilərinə münasibətdə idxalda ƏDV-dən azadolma tətbiq edilir.
Naxçıvan Muxtar Respublikasının rezidenti olan vergi ödəyicilərinə sosial ödənişlərdə də güzəşt olunur. Bununla bağlı sosial sığorta üzrə qanunvericiliyə müvafiq dəyişikliklər edilib. Özəl sektorda istehsal və emal sənayesi üzrə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən işçilərə görə ödənilən məcburi dövlət sosial sığorta haqları subsidiyalaşdırılır və bu, 2036-cı ilədək davam edəcək. Eyni zamanda, fərdi sahibkarların ödədikləri bütün məcburi dövlət sosial sığorta haqları tam həcmdə subsidiyalaşdırılır.
Qeyd edək ki, burada istisna hallar da mövcuddur. Belə ki, neft-qaz sahəsində, yükdaşıma, maliyyə xidməti sahəsində fəaliyyət göstərən, eyni zamanda dövlət büdcəsi vəsaiti hesabına mal, iş, xidmət təqdim edən podratçılar həmin güzəştdən faydalana bilməyəcəklər.
Fərqanə ALLAHVERDİQIZI