İzolyasiya materialları bazarı: daxili tələbat, istehsal imkanları və dövlət təşviqlərinin iqtisadi təsiri MƏQALƏ

2026.02.03 11:19 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) apardığı növbəti bazar araşdırması məhz bu strateji məhsul qrupuna həsr olunub. "vergiler.az" KOBİA-nın məlumatları əsasında daxili bazardakı mövcud tələbi, yerli istehsalın potensialını və sektorun inkişafına yönəlmiş dövlət təşviqlərini təhlil edib.

Tikinti sektorunda investisiya artımı və izolyasiya materiallarına tələbat

Tikinti sektorunun inkişafı qlobal izolyasiya bazarında davamlı artımı şərtləndirir. Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası (ATİA) bu sahəyə qoyulan kapital investisiyalarının artdığını və yaxın üç ildə orta illik artım proqnozunun təxminən 4% civarında olacağını ehtimal edir. Sözsüz ki, ölkəmizdəki yeni inşaat layihələri və Qarabağ bölgəsində aparılan yenidənqurma işləri izolyasiya bazarının genişlənməsi üçün münbit şərait yaradır. Digər tərəfdən, dövlət enerji səmərəliliyi siyasətini aktiv şəkildə genişləndirir. Yeni qanunvericilik bazası, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən “yaşıl zona” konsepsiyası tikinti sektorunda da qaydaları dəyişdirir. Nəticə etibarilə, ekoloji təmiz məhsullara tələbatın kəskin artması qaçılmazdır. Yerli bazarda “yaşıl binalar” ideyası da getdikcə populyarlaşır ki, bu da izolyasiya materiallarına tələbatın yüksələcəyini deməyə əsas verir.

2024-cü ildə tikinti sektoru üzrə əsas kapitala yönəldilən vəsaitlərdə 13,8%-lik kəskin artım qeydə alınıb və bu göstərici 5.45 milyard manata yüksəlib. Dövlət Statistika Komitəsinin (DSK) hesabatına əsasən, həmin ildə ümumi tikinti-quraşdırma işləri də müsbət dinamikanı qoruyub saxlayaraq 15.7 milyard manatlıq rekord həcm ilə əvvəlki ili 2,9% üstələyib.

Beynəlxalq hesabatlarda göstərilir ki, bu gedişlə Azərbaycanın izolyasiya bazarı sabit, lakin mülayim artımla irəliləyəcək (2027-ci ilədək 1,73%). İllik artım tempinin 2029-cu ilə doğru 1,64%-ə enməsi proqnozlaşdırılsa da, dövlətin enerji səmərəliliyi siyasəti bazarın aktivliyini hələ də qoruyur. Bu siyasətin təsiri ilə formalaşan tələbat, əsasən, daş yun, şüşə yun və köpük izolyasiya materiallarını ön plana çıxarır. Bir sözlə, ümumi mənzərə bazarın kəskin sıçrayışlara deyil, uzunmüddətli və dayanıqlı inkişafa kökləndiyini göstərir.

122 milyon manatlıq bazar

İzolyasiya bazarının məhsul çeşidi olduqca genişdir. Yüksək səs və istilik izolyasiyası təmin edən mineral yunlardan tutmuş, büdcəyə qənaət etməyə imkan verən EPS və nəmə davamlı XPS-ə qədər müxtəlif həllər mövcuddur. Enerji səmərəliliyini maksimuma çatdırmaq istəyənlər poliuretan köpüklərə, uzunömürlü hidroizolyasiya axtaranlar isə bitum və membran sistemlərinə (PVC, TPO) üz tuturlar.
Daxili bazar araşdırmasında qeyd edilir ki, bazar hazırda ənənəvi izolyasiya vasitələri üzərində qərarlaşsa da, gələcək innovativ materiallarındır. Bio-lifli məhsullara və nano-panellərə doğru güclənən meyil qaçılmazdır. Proqnozlara görə, binaların enerji səmərəliliyini artırmaq üçün köhnə sistemlərin yenilənməsi bazarda daha bahalı və keyfiyyətli izolyasiya məhsullarına olan marağı kəskin şəkildə artıracaq.

Qeyd edək ki, Azərbaycanda izolyasiya bazarının həcmi 2025-ci ildə 122 milyon manata çatıb. Bazarda liderlik 40% payla mineral yuna (daş yunu) məxsusdur. Onu 35% payla polistiren (EPS/XPS) və 15% payla poliuretan izləyir. Bitum və bio-lif kimi digər materiallar isə bazarın 10%-ni təşkil edir.

Qlobal izolyasiya bazarında artımın yerli istehsala təsiri

Dünya izolyasiya bazarında yeni inkişaf erası başlayır. Analitiklər 2035-ci ilə qədər bu bazarın həcminin ikiqat böyüyərək 51 milyard dolları ötəcəyini proqnozlaşdırırlar. Enerji standartlarının sərtləşməsi və bio-materiallara keçid fonunda illik artım tempinin 6-7% ətrafında olacağı gözlənilir. “Bu qlobal canlanma Azərbaycana necə təsir edəcək?” sualına gəlincə, KOBİA-nın daxili bazar araşdırmasında qeyd edilir ki, hazırda yerli bazar qlobal həcmin cəmi 0,5–1%-nə bərabərdir. Baxmayaraq ki, Azərbaycan qlobal miqyasda kiçik oyunçu olaraq qalacaq, daxili bazarda “yaşıl” və enerji-effektiv izolyasiya məhsullarına olan tələbatın kəskin artımı qaçılmazdır.

Yerli istehsalçılar və investisiya layihələri

Yerli bazarda istehsal gücü və investisiyalar artmaqdadır. 2025-ci ilin sonlarında “Kartaş Kimya” MMC (“Mr.Fix”) Sumqayıtda 25 milyon manatlıq yatırımla illik 295 min ton gücündə zavodu istifadəyə verib. Müəssisədə su izolyasiyası və beton qatqıları istehsal edilir ki, bu məhsullar daxili bazarla yanaşı, ixrac da edilir. Ağdam Sənaye Parkında yerləşən “Thermo Natural Azerbaijan” MMC illik 10 min ton gücündə alçı, suvaq və izolyasiya materialları istehsalını hədəfləyir. Layihənin investisiya dəyəri 3,5–3,8 milyon manat aralığındadır. Burada hazırlanacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Yaxın Şərq ölkələrinə ixrac ediləcək. İxtisaslaşmış seqmentdə “Arazplast” (polietilen köpük), “Thermoplast” (XPS panellər) və beynəlxalq sertifikatlı “İzoHome” (nano və akustik izolyasiya) fərqli texnoloji həllər təklif edirlər.

Bundan başqa, Azərbaycanda “Penopleks SPB” şirkətinin izolyasiya məhsulları istehsalı zavodunun da təməli qoyulub ki, burada da penopolistirol materialından istilik izolyasiya plitələri istehsal ediləcək. Layihənin investisiya dəyəri 6,5 milyon ABŞ dolları təşkil edir.

Bazar göstəriciləri: idxal azalır, ixrac artaraq yeni bazarlara yönəldilir

2022-2024-cü illər üzrə XPS idxalında qeydə alınan kəskin eniş yerli bazarın struktur dəyişikliyini göstərən ən yaxşı faktdır. 2022-ci ildəki 18.7 m³ idxal göstəricisi 2024-cü ildə 9.7 m³-ə düşərək, ümumi həcmin təxminən 48% kiçilməsi ilə nəticələnib. Bu geriləmə birbaşa olaraq yerli istehsalın genişlənməsi və daha ucuz alternativ olan EPS məhsullarının rəqabətədavamlılığı ilə bağlıdır.

İxracda da rəqəmlər ürəkaçandır. Belə ki, 2023-cü ildə 60 milyon ABŞ dolları olan ümumi ixrac dəyəri 2024-cü ildə artımla 68,5 milyon dollara çatıb. Bu ümumi artım fonunda məhsul qrupları üzrə dinamika fərqli xarakter daşıyır. Məsələn, XPS və EPS kimi istilik izolyasiya məhsullarının ixracında davamlı yüksəliş müşahidə olunur. 2022-ci ildə 1400 m³ olan həcm 2023-cü ildə 2300 m³-ə, 2024-cü ildə isə 2450 m³-ə çatıb. XPS və EPS məhsullarının ixracı 2022-2024-cü illərdə 75% artaraq (orta qiymət 94-95 USD/m³), əsasən Gürcüstan bazarına yönəlib. Sözsüz ki, bu da xarici bazarlarda həmin məhsullara olan tələbatın dayanıqlı olduğunun göstəricisidir. Bunun tam əksi olaraq, bituməsaslı rulon membranların ixracında vəziyyət qənaətbəxş deyil. 2022-ci ildə qeydə alınan 38,250 m²-lik rekord göstərici 2023-cü ildə 5,750 m²-ə qədər geriləyib və 2024-cü ildə bu kateqoriya üzrə, ümumiyyətlə, ixrac əməliyyatları qeydə alınmayıb. Türkiyədə yerli nəhənglərin (“İzocam”, “Technonicol”) güclənməsi səbəbindən, ixrac kəskin azalıb və Azərbaycan bu məhsulu Gürcüstan və Orta Asiya bazarlarına yönəltməyi hədəfləyir.

İxracda gözqamaşdırıcı göstərici bitum-mastik və pastalı qarışıqlara aiddir. 2022-ci ildə cəmi 9250 m² olan həcm 2024-cü ildə fantastik sıçrayışla 822,800 m²-ə yüksələrək Gürcüstan, Özbəkistan və Ukrayna bazarlarında dominant mövqeyə keçib.

Artan tələbat və yeni keyfiyyət standartları

Azərbaycanın tikinti sektorunda davam edən genişlənmə, enerji səmərəliliyi üzrə dövlət tələblərinin güclənməsi və ekoloji standartların yüksəlməsi izolyasiya məhsullarına olan tələbatın artmasını şərtləndirir. Aparılan bazar araşdırması göstərir ki, daxili istehsal həcmi artırılsa da, bazar hələ də müəyyən dərəcədə idxaldan asılıdır. Dövlət proqramları, “yaşıl enerji” təşəbbüsləri, çoxmənzilli yaşayış fondunun yenilənməsi və sənaye zonalarında aparılan tikinti işləri yaxın 3–5 ildə izolyasiya məhsullarına sabit və artan tələbatın olacağını göstərir. Bununla yanaşı, mövcud qanunvericilik - xüsusən də yanğın təhlükəsizliyi, istilik müqaviməti və sertifikatlaşdırma (ISO, CE, EN standartları) tələbləri istehsalçıları daha keyfiyyətli və rəqabətqabiliyyətli məhsullar təqdim etməyə stimullaşdırır.

Faiq KƏRİMOĞLU