Güzəştlərdən yararlanan mikro və kiçik sahibkarların sayı günü-gündən artmaqdadır. Artıq 199 biznes subyektinin “Startap” şəhadətnaməsi var ki, bu da onları üç il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisi ödəməkdən azad edir.
Bu günlərdə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasına daxil olan doqquz müraciətə baxılıb və onlardan yeddisi bu şəhadətnaməni əldə etmək şansı qazanıblar. Lakin bu da yekun rəqəm deyil, “Startap” şəhadətnamələrinin verilməsi bundan sonra da davam etdiriləcək.
Bu şəhadətnaməni almaqla vergi güzəşti qazanan sahibkarlar layihələrinin insanların həyatına hansı yenilikləri gətirəcəyi barədə fikirlərini “vergiler.az”ın oxucuları ilə bölüşüblər.
Fərdi inkişaf, peşə hazırlığı və rəqəmsal təhsil bir arada
İnsanların gündəlik həyat və biznes fəaliyyəti ilə bağlı qarşılaşdıqları hüquq, mühasibatlıq və idarəçilik problemlərinin həllinə dəstək göstərəcək Hatsuu platforması həm onlayn, həm də əyani təlim imkanlarını bir araya gətirərək hibrid modeli təqdim edən bir təhsil platformasıdır. Startapın yaradıcısı Günay Əliyeva deyir ki, regionda fərdi və peşə inkişafı üçün lokal kontentə əsaslanan tədris platformalarına ciddi ehtiyac var və Hatsuu məhz bu boşluğu doldurmaq üçün yaradılıb. Azərbaycanın təhsil sistemində rəqəmsal təhsilin inkişafına töhfə vermək və gələcəkdə qonşu ölkələrə də lokal sistemlərə uyğunlaşdırılmış tədris platforması təqdim etmək əsas hədəflər sırasındadır. Platforma yerli sistemlərə uyğun fərdi təlim modulları təqdim edərək vətəndaşların bir sıra prosedurları daha rahat başa düşməsinə və icra etməsinə şərait yaradır. Beləliklə, insanlar vaxt və resurs itirmədən daha effektiv qərarlar verə bilirlər. Platformaya daxil olmaqla istifadəçilər dil dərslərindən tutmuş marketinq, hüquq, turizm, mühasibatlıq, baristalıq kimi müxtəlif sahələrə qədər geniş tədris imkanlarından faydalana biləcəklər. Baristalıq kimi peşə dərslərinə həm əyani, həm də platforma üzərindən qoşulmaq mümkündür. Burada interaktiv video-dərslər, testlər, PDF materialları, fərdi izləmə sistemi və mentor dəstəyi də əlçatan olacaq. Sosial inklüzivlik prinsiplərinə əsaslanaraq regionlarda yaşayan insanların da təhsilə çıxışını asanlaşdırmaq üçün dərslər təşkil edilir. Hər ölkənin hüquq, mühasibatlıq və bank sistemi fərqli olduğundan tədris metodları yerli sistemlərə uyğunlaşdırılacaq. Digər tərəfdən, regional bazarlara uyğunlaşdırıla bilən modul sistem üzərində də iş gedir.
“Startap” şəhadətnaməsinin verdiyi vergi güzəştinə gəlincə, G.Əliyeva düşünür ki, bu, onlar üçün həm maddi üstünlük, həm də əlavə motivasiya yaradır. Qənaət edilən məbləğ böyük ölçüdə texnoloji təkmilləşməyə, yeni tədris modullarının hazırlanmasına və komanda strukturunun gücləndirilməsinə sərf olunacaq. Bütün sadalananlar xidmət keyfiyyəti və istifadəçi məmnuniyyətinin yüksəlməsinə gətirib çıxaracaq. Platformaya qoşulan təlimçilərin sayının artması ilə komanda daha da genişlənməkdədir. Yaxın zamanda isə kontent, texnologiya və satış sahələrində yeni əməkdaşların cəlb olunması ilə əlavə iş imkanları yaranacaq.
Heyvanlar üçün konservlər istehsal ediləcək
Hamıya məlumdur ki, ət kəsimi məntəqələrində, broylerlərdə, hotellərdə, restoranlarda hər gün təzə kəsilmiş ət və ət məhsullarının bir qismi tullantı kimi atılır. KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi “ECOyem” layihəsi bu kimi israfın qarşını almağa hesablanıb. Belə ki, ət kəsilərkən artıq qalan qırıntılar, sümüklər toplanaraq it və pişiklər üçün konservlər hazırlanacaq. Hazırda bazarda müxtəlif ölkələrin istehsalı olan it-pişik konservləri mövcuddur və qiyməti təqribən 2,5-5 AZN arasında dəyişir. İstehsal olunacaq yerli - “Ham-Ham” və “Myau” konservləri isə idxal məhsullarından daha ucuz qiymətə təklif olunacaq. Sözsüz ki, bu da it və pişik saxlayanların xərclərini azaldacaq.
Layihənin müəllifi Cavid Cabbarov deyir ki, konservlər hazırlanarkən heyvanların sağlamlığı məsələsi ön planda olacaq, eləcə də yemlərin heyvanların ağız dadına uyğunluğuna diqqət ediləcək və ən əsası, onlar ekoloji təmiz məhsullardan hazırlanacaq. Məhsullar xüsusi qablaşdırmalarda təqdim olunur və istifadə müddəti 3 ilə qədərdir.
C.Cabbarov onu da bildirir ki, hələ də bir sıra yaşayış məntəqələrində xeyli sayda sahibsiz heyvanlara rast gəlinir. Bu canlılar tullantı meydançalarında, poliqonlarda əsasən köhnəlmiş qida qalıqları ilə yemlənirlər. Bu da onlarda müxtəlif xəstəliklərin yaranma ehtimallarını artırır və nəticə etibarilə həmin canlılarla eyni mühiti paylaşan insanlar üçün böyük təhlükələr yarada bilər.
“ECOyem” mobil tətbiqinin funksiyalarından istifadə etməklə hotellərdən, restoranlardan, ət kəsimi aparılan məkanlardan toplanacaq tullantıların həcmi ilə bağlı məlumatlar almaq mümkün olacaq. Mobil tətbiqdən istifadə edənlərə satış nöqtələrində xüsusi endirimlər təklif olunacaq, kampaniyalar və yeniliklərlə bağlı bildirişlər göndəriləcək. Saytda və tətbiqdə it və pişiklərin növünə, yaşına, çəkisinə uyğun qidalandırılması ilə bağlı məlumatlar, eyni zamanda onlayn baytar həkimi məsləhətləri yer alacaq. C.Cabbarov vurğulayır ki, “ECOyem” bu sahədə ölkədə ilk yerli brenddir və əsas məqsədi qida tullantılarının azalmasına töhfə verməkdir.
“Startap” şəhadətnaməsinin verdiyi imkanlar sayəsində 3 il ərzində vergi ödənilməyəcəyi üçün məhsulu bazara kifayət qədər ucuz qiymətə çıxarmaq mümkün olacaq. Layihə müəllifi bazara yeni çıxış əldə edən sahibkar üçün bunun böyük imkan olduğunu düşünür. Məhsulun qiymətinin ucuz olması heyvan sahiblərini yerli bazara yönəldəcək ki, bu da idxaldan asılılığı müəyyən qədər azaldacaq. İlkin hədəf yerli bazar olsa da, xaricə ixrac məsələsi də araşdırılır və sonrakı planlarda nəzərə alınacaq.
Ağac əkəcəyin yeri tətbiqlə müəyyənləşdir, istəsən, ianə et
Şəhərin yaşıllaşdırılması, meşə ərazilərinin mühafizəsi, dəniz və çay hövzələrinin təmizlənməsi ilə bağlı yaradılan “Green public” rəqəmsal platforması B2G, yəni “Business to Government” tipli bir layihə hesab olunur. Burada bir tərəfdə dövlət qurumları, digər tərəfdə isə istifadəçilər - qeyri-hökümət təşkilatları, şirkətlər və ayrı-ayrı şəxslər yer alır.
Bəzən elə olur ki, vətəndaş ağac əkmək istəyir, amma ərazinin kimə məxsus olduğunu bilmədiyi üçün kimdənsə soruşmaq məcburiyyətində qalır. Startapın müəllifi Tural Yusifov deyir ki, yaratdığı platforma sayəsində bu problem geridə qalır və kimdənsə soruşmaq əvəzinə istifadəçilər mobil tətbiqə üz tuta və dövlət qurumlarına sorğu göndərə biləcəklər. İstifadəçinin yaşıllaşdırmaq istədiyi ərazi meşə fonduna məxsusdursa, müvafiq dövlət qurumları bunu təqsdiqlədikdən sonra həmin ərazidə ağac əkmək və ağacəkmə kampaniyası həyata keçirmək mümkün olacaq. Digər tərəfdən, platforma və tətbiq vasitəsilə mövcud yaşıl ərazilərə - Nəbatat bağı və ya hər hansı ekoloji parka ianələr etmək imkanı da təqdim olunur.
Funksionallığa gəlincə, istifadəçinin olduğu yerə uyğun hansı ərazilərdə ağac əkilə biləcəyi tətbiqdə aydın görünəcək. Bundan başqa, şəhər rəhbərliyinin yaşıllaşdırma üçün seçdiyi prioritet əraziləri də görmək bir tətbiq qədər yaxına gəlir. Məsələn, yenidən canlandırılan Ağdam şəhərinin Baş Planında yaşıllaşdırma üçün nəzərdə tutulan əraziləri tətbiqdən aydın görmək olar. Üstəgəl, həmin ərazidə ağacəkmə kampaniyası da təşkil etmək mümkündür. Bütün bu imkanlarla yanaşı, yaşadığımız ərazidə hava çirkliliyinin səviyyəsini də proqram üzərindən görmək olacaq. Şirkətlər öz kağız və yanacaq xərclərini daxil edərək, karbon ayaq izini sıfırlamaq üçün nə qədər ağac əkməli olduqlarını da buradan əldə edə biləcəklər.
Tətbiq universallığı ilə diqqət çəkir. Məsələn, istifadəçilər Konqo Demokratik Respublikasında (KDR) şimpanzelərin qorunması ilə bağlı ianə edə bildiyi halda, KDR-də yaşayan biri də Azərbaycanda meşə fondunun və ya zeytun ağaclarının bərpası üçün ianə edib, sertifikat ala bilər.
T.Yusifov vurğulayır ki, “Startap” şəhadətnaməsi ilə vergi yükü müəyyən qədər azalmış olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də icra hakimiyyətləri ilə yaşıllaşdırılmaya ehtiyac olan ərazilərin platformaya inteqrasiyası üçün danışıqlar aparılır. Yaxın zamanda layihəni xarici bazarda tətbiq etməyi planlaşdıran müəllif Yaxın Şərq ölkələrinin ilk sırada yer aldığını və Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis və Misirdə reallaşdırılacağını bildirir.
Ardı var...
Faiq KƏRİMOĞLU