Əmək münasibətləri elektron mühitdə: imzalar, mərhələlər MƏQALƏ

2024.11.19 12:10 (UTC+04:00)

Azərbaycan Prezidentinin 12 avqust 2024-cü il tarixli fərmanı ilə Əmək Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əmək müqavilələri və əmək müqaviləsinə edilən dəyişikliklər gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra hüquqi qüvvəyə minir. Müqavilələrin imzalanması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və məşğulluq” altsistemi (ƏMAS) platforması üzərindən SİMA rəqəmsal imza, elektron imza (SİMA Token) və Asan imza ilə mümkündür. Rahat və iqtisadi cəhətdən sərfəli olduğu üçün vətəndaşlar daha çox “SİMA İmza”ya üstünlük verirlər.

Bəs bunun əhəmiyyəti nədir? İndiyədək bağlanmış əmək müqavilələrinin taleyi necə olacaq? “vergiler.az”ın bu və digər suallarına öncə “Azİntelecom” MMC-dən cavab verilib. Bildirilib ki, “SİMA İmza”nı əldə etmək üçün hansısa müəssisə və təşkilata getməyə, hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Vətəndaşlar onlayn qaydada, sadəcə, mobil telefonlarına “SİMA İmza” tətbiqini yükləyib qeydiyyatdan keçməklə rəqəmsal imzanı əldə etmiş olurlar.

Niyə məhz “SİMA İmza”?

“Azİntelecom” MMC-nin məlumatında qeyd olunur ki, “SİMA İmza”nın ƏMAS platformasına inteqrasiyası vətəndaşların kütləvi şəkildə elektron imza almaq üçün xidmət məntəqələrinə getməsinin, uzun və yorucu növbələr yaranmasının qarşısını alıb. Həmçinin, sənədlərin onlayn formada imzalanması kağız istehlakını minimuma endirir. Xaricdə yaşayan Azərbaycan vətəndaşları da istənilən yerdə, sadəcə, internetə çıxış imkanları olmaqla şəxsiyyət vəsiqəsi ilə SİMA tətbiqində qeydiyyatdan keçərək onlayn qaydada rəqəmsal imza əldə edə, “SİMA İmza” ilə inteqrasiyanı tamamlamış 60-dan çox qurumun xidmətlərindən yararlana, “Digital Login” Vahid Giriş Sisteminə daxil olaraq mygov, e-gov portallarında elektron xidmətlərə giriş edə bilərlər. Bir məqamı qeyd edək ki, xaricdə olan vətəndaşların əmək müqaviləsini imzalaması və ya digər elektron xidmətlərdən istifadə etməsi üçün müvafiq qurumların onlayn sistemlərində icazələri olmalıdır.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin müdiri Orxan Hüseynovvergiler.az”a açıqlamasında bildirib ki, “SİMA İmza” ödənişsiz olduğu üçün işçilərə maddi dəstək verilməsi məqsədilə daha çox ondan istifadə tövsiyə edilir: “İşəgötürən işçinin məlumatlarını (FİN və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi) ƏMAS-a daxil edərək elektron müqavilə formalaşdırır və müqaviləni imzalamaq üçün sistem üzərindən işçiyə göndərir. Növbəti addımda işçi ƏMAS-da şəxsi hesabına elektron imzalardan biri ilə daxil olaraq “Təsdiq gözləyən onlayn əmək müqaviləsi bildirişləri” bölməsinə klik edir. Bu hissədə işçi müqaviləni nəzərdən keçirib onlayn şəkildə imzalaya bilir. İmzadan sonra müqavilə avtomatik olaraq işəgötürənə göndərilir. Son mərhələdə işəgötürən tərəfindən müqavilə elektron imza ilə imzalanır və proses bitir”.

Müqavilələrin elektronlaşdırılması üçün müddətlər

Dövlət başçısının 2024-cü il 12 avqust tarixli 176 nömrəli fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti işəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında müvafiq qərar qəbul edib. Qərara əsasən, 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanun qüvvəyə minənədək bağlanılmış əmək müqavilələrinin işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi nəzərdə tutulub. Qüvvədə olan əmək müqavilələrinin işəgötürənlər tərəfindən elektron sənəd formasına keçirilməsi mərhələləri aşağıdakı kimidir:

- Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün - 2025-ci il 1 yanvaradək;

- İri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün - 2025-ci il 1 iyuladək;

- Ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün - 2026-cı il 1 yanvaradək.

İşçilərin məzuniyyətə çıxması və ya digər hallarda ərizələrin yazılması və imzalanmasına gəlincə, O.Hüseynov bildirib ki, bunlarla bağlı ƏMAS-da ayrıca bölmə yaradılıb: “Hazırda ƏMAS-da işçilər və işəgötürən arasında “Rəsmi yazışmalar bölməsi” istifadəyə verilib. Bu bölmədən istifadə edərək işçilər ərizə ilə işəgötürənə müraciət edir və işəgötürən həmin ərizə əsasında ƏMAS üzərindən müvafiq əmr formalaşdırır. Elektron müqavilənin məzuniyyətdə olarkən bağlanılması ilə bağlı (işçi ölkə hüdudlarında olsa belə) heç bir texniki problem yoxdur”.

Əmək müqaviləsinə son verilərsə…

Elektron imzalar işçilərlə bağlanmış əmək müqavilələrinə son verilərkən də istifadə ediləcək. O.Hüseynovun sözlərinə görə, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir: “Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əmək müqaviləsinə həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilir. Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə təqdim edilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir”.

Bəzən mübahisəli məqamlarda işçilər əmək müqaviləsinə son verilməsinə etiraz əlaməti olaraq sənədə imza atmaqdan imtina edirlər. O.Hüseynov bildirib ki, bu hallarda işçi tərəfindən həmin əmrin imzalanması əmək qanunvericiliyində nəzərdə tutulmayıb. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmri işəgötürən imzalayır.

Fərqanə ALLAHVERDİQIZI