Azərbaycan Mərkəzi Bankında (AMB) dayanıqlı mikromaliyyə modeli və maliyyələşdirmə mənbələrinin diversifikasiyası üzrə araşdırma aparılır və müvafiq təkliflər formalaşdırılır. Bu barədə “vergiler.az”a AMB-dən məlumat verilib. Bildirilib ki, “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”na uyğun olaraq, bank olmayan kredit təşkilatlarını (BOKT) inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Strategiyada bu istiqamətdə 3 fəaliyyət nəzərdə tutulub:
1. Dayanıqlı mikro-maliyyə və BOKT modelləri üçün potensialı araşdırmaq;
2. Hüquqi və tənzimləyici mexanizmlərin qəbul edilməsi;
3. Maliyyələşdirmə mənbələrinin diversifikasiyası.
“Bununla yanaşı, mövcud qaydalarda yeni qəbul edilən “Bank olmayan kredit təşkilatları haqqında” qanunda dəyişiklər edilməsi barədə” Qanundan irəli gələn yeniliklərin əks olunması və Strategiyanın hüquqi və tənzimləyici mexanizmlərinin qəbul edilməsi istiqamətində müvafiq düzəlişlər edilir və yeni qayda layihəsi hazırlanır. Burada kapitalın minimum miqdarına və hesablanmasına dair tələblər, BOKT-nin öhdəliklərinin onun kapitalına nisbətinə dair tələblər müəyyən olunur, kredit risklərinin idarə edilməsi qaydası, eləcə də kənar auditin aparılmasına dair müvafiq sahə üzrə beynəlxalq təcrübəyə uyğun minimum tələblərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir” – deyə AMB-dən bildirilib.
Eyni zamanda gündəlik kreditləşmənin BOKT-lərdə beynəlxalq təcrübə əsasında tənzimlənməsi nəzərdə tutulur. Burada əsas prioritet istehlakçıların hüquqlarının qorunması və onların izafi borclanmasının qarşısının alınmasıdır.
AMB-nin statistikasına əsasən, son dövrlər BOKT-lər iqtisadiyyatın kreditləşməsini xeyli artırıb. Məsələn, ilin əvvəlində sənaye və istehsal sektoruna BOKT-lər tərəfindən verilən kreditlərin həcmi cəmi 22,8 milyon manat olub. Avqustun 1-nə bu rəqəm artıq 696,3 milyon manata çatıb. Eyni zamanda BOKT-lər tərəfindən ev təsərrüfatlarına verilən kreditlərin həcmi də artıb. İlin əvvəlindən bu istiqamət üzrə kredit portfelləri 76,5 milyon manat və ya 15,5 faiz artıb. İllik artım isə 40 faizə yaxındır. Bəs həm biznesin, həm də əhalinin BOKT kreditlərinə artan marağını nə ilə izah etmək olar? Şərtlər daha əlçatan olub, yoxsa başqa səbəblər var? “vergiler.az”ın bu istiqamətdə suallarına AMB-dən verilən açıqlamaya görə, hazırda Azərbaycanda kredit ittifaqları istisna olmaqla BOKT sektorunda 56 təşkilat fəaliyyət göstərir. 2023-cü il ərzində sektorun sağlamlaşdırılması istiqamətində aparılan monitorinqlər nəticəsində qanunvericiliyin tələblərinə əməl edilməməsi səbəbindən 3 BOKT-nin lisenziyası Mərkəzi Bank tərəfindən ləğv edilib:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişiklər edilməsi barədə” Qanun 31.07.2023-cü il tarixində qüvvəyə minib. Qanunda bir neçə istiqamət üzrə dəyişikliklər olub. Bu istiqamətlər təşkilatların fəaliyyətinin funksional olaraq genişlənməsi, institusional inkişafının təmin edilməsi və yeni requlyativ alətlərin tətbiq edilməsidir” – deyə AMB-dən bildirilib.
Belə ki, birinci istiqamət - təşkilatların fəaliyyətinin funksional olaraq genişlənməsi çərçivəsində yeni imkanlar verilib. Kreditlərin verilməsi məqsədilə Mərkəzi Bank tərəfindən müəyyən edilən qaydada ödəniş hesablarının açılması və aparılması, kredit kartlarının emissiyası mümkün olub. Birinci istiqamətin təmin edilməsi ikinci istiqaməti - institusional inkişafın təmin edilməsi istiqamətini zəruri edir. BOKT-də Müşahidə Şurası və Audit Komitəsinin yaradılması, onların üzvləri və digər inzibatçılar – İdarə Heyətinin üzvü və təkbaşına rəhbər, baş mühasib və daxili auditora dair təhsil, təcrübə və vətəndaş qüsursuzluğu tələbləri müəyyən edilib. Bununla yanaşı, kənar auditin aparılmasına dair müvafiq sahə üzrə beynəlxalq təcrübəyə uyğun minimum tələblərin müəyyən edilməsi və kənar auditor yoxlaması Mərkəzi Bankın tələblərinə uyğun olmadıqda, Mərkəzi Banka auditorun dəyişdirilməsini, habelə BOKT-nin vəsaiti hesabına təkrar auditin aparılmasını tələb etmək səlahiyyəti verilib.
Üçüncü istiqamət olaraq yeni requlyativ alətlərin – mühüm iştirak payının əldə edilməsi prosesinin tənzimlənməsi, yeni normativlər və tələblərin - kapitalın minimum miqdarına və hesablanmasına dair tələblər, BOKT-nin öhdəliklərinin onun kapitalına nisbətinə dair tələblər və kredit risklərinin idarə edilməsi qaydası müəyyən edilib. Qanuna yeni dəyişikliklər qüvvəyə mindikdən sonra 2023-cü ildə 2 BOKT-yə lisenziya verilib.
Sənaye və istehsalat sektoruna BOKT-lər tərəfindən verilən kreditlərin həcminin artımı bu sahədə layihələrin artımı ilə bağlıdır.
Xatırladaq ki, 2024-cü ilin birinci yarısında BOKT sektorunun (Aqrarkredit BOKT istisna olmaqla) cəmi aktivləri ötən ilin eyni dövrünə nisbətən 39% və ya 240 milyon manat artaraq 854 milyon manat təşkil edib. Müvafiq dövr ərzində BOKT-lərin cəmi öhdəlikləri və kapitalı müvafiq olaraq 33% və 47% artıb. BOKT sektorunun sağlamlaşdırılması üzrə görülən tədbirlər və yeni Qanunun tətbiqi ilə BOKT-lərdə institusional quruculuğun sürətləndirilməsi son nəticədə əhalinin və kiçik biznes subyektlərinin maliyyə əlçatanlığına müsbət töhfə verib.
Fərqanə ALLAHVERDİQIZI