Azərbaycanın startap layihəsi Dünya Startap Kubokunun final mərhələsinə vəsiqə qazanıb

2024.08.15 14:33 (UTC+04:00)

Azərbaycanın gənc tədqiqatçılarının startap layihəsi olan “SkyBee” böyük uğura imza ataraq, Pakistanın Lahor şəhərində keçiriləcək “SEE Pakistan 2024” Dünya Startap Kubokunun final mərhələsinə vəsiqə qazanıb. Bu barədə “vergiler.az”a adıçəkilən startapın qurucusu Tural İsmayılzadə məlumat verib.

Pakistan Baş Nazirinin Gənclər Proqramı (PMYP) çərçivəsində Pakistanın Özəl Sektor Universitetlərinin Assosiasiyasının (APSUP) və bu ölkənin bir sıra universitetlərinin birgə təşkilatçılığı ilə keçiriləcək Dünya Startap Kubokunun final mərhələsi 23-24 avqust tarixlərində baş tutacaq. Münsiflər heyətinin qiymətləndirilməsinə əsasən, “SkyBee” finala vəsiqə əldə edən startaplar siyahısında birinci yerdə qərarlaşıb. İnvestorlar və ekspertlər layihənin final mərhələdə də uğur qazanacağına inanırlar.

“SkyBee” startapı Silikon Vadisində, Londonda, Budapeştdə, Bəhreyndə, Sinqapurda və San-Fransiskoda keçirilən bir sıra dünya çempionatlarının da final mərhələsinə vəsiqə qazanıb. Layihə həmçinin Londonda “London Tech Week” çərçivəsində keçirilən gələcəyin texnologiya qurucuları sammitində gələcəyin 15 ən faydalı layihəsi sırasında yer alıb.

Qeyd edək ki, “SkyBee” vəhşi arı ailələrinin kütləvi ölümü ilə mübarizə aparan, ekoloji tarazlığın və biomüxtəlifliyin qorunmasında iştirak edən, məhsuldarlığın artımı məqsədilə süni tozlandırma proseslərini həyata keçirən drondur. Qabariti 690x690x330 mm olan dronlar 1 saat müddətində 5 hektar əraziyə xidmət göstərə bilir.

Bu texnologiyanı digərlərindən fərqləndirən ən böyük xüsusiyyət dronla göstərilən xidmətlərin insan iradəsindən asılı olmadan, tam süni zəka əsaslı platforma üzərindən icra olunması, bütün proseslərin sadələşdirilməsi və avtonomlaşdırılmasıdır. Hər kəs sadəcə mobil tətbiq üzərindən müvafiq sifarişi seçəcək, digər bütün prosesləri dronlar avtonom olaraq icra edəcəklər.

İlhamə İSABALAYEVA