2024-cü il Azərbaycanda iqtisadi inkişafın sürətləndiyi bir il kimi yadda qalacaq.
“vergiler.az” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “5-ci yerli sahibkarların tanıtım sərgisi”ndə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan iqtisadi inkişafın təmini üçün qanunvericilik baxımından kifayət qədər iş görüb: “Təxminən 1 ay sonra Rəqabət Məcəlləsi tətbiq olunmağa başlayacaq. Düşünürük ki, rəqabət mühitinin inkişaf etdirilməsi aparılan iqtisadi siyasətin gücləndirilməsi baxımından yeni mərhələnin başlanması deməkdir”.
T. Mirkişili xatırladıb ki, Azərbaycanda COP29 kimi nəhəng tədbir keçiriləcək: “Dünya artıq məhsul istehsalında iqlim amilinin nəzərə alınması ilə bağlı bir mərhələyə qədəm qoyur. Ola bilsin ki, gələcəkdə bütün məhsulların satışı ilə bağlı karbon vergilərinin tətbiq olunması, yaxud bu məhsullar üçün hansı enerji mənbələrindən istifadə ilə bağlı tələb formalaşsın”.
Komitə sədri qeyd edib ki, Azərbaycanda sahibkarların çox az hissəsi internet xidmətlərindən, onlayn satışlardan istifadə edir: “Bu sahədə uğurlar əldə etmək mühüm çağırışlardan biridir. Mən bütün sahibkarları məhsul istehsal etdikdən sonra da onlayn xidmətlərdən daha çox istifadə etməyə çağırıram”.