Xalq sənətindən biznesə: xalçaçılığın iqtisadi səmərəsi MƏQALƏ

2024.05.31 11:01 (UTC+04:00)

Xalqımızın zəngin mədəni irsi

Azərbaycanın zəngin mədəni irsi, xalqımızın həyat tərzi və qədim adət-ənənələri ilə sıx bağlı olan xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. Bunun nəticəsidir ki, təkcə 2023-cü il ərzində “Azərxalça” ASC daxilində 2725 kvadratmetr xalça istehsal olunub və bunun 612 kvadratmetri ixrac edilib. Yeri gəlmişkən, “Azərxalça” 2022-ci illə müqayisədə ötən il ixracını 29% artırıb. Əsas ixrac coğrafiyasına ABŞ, Almaniya, İspaniya, İsveçrə, Latviya kimi ölkələr daxildir. Xarici ölkələrə göndərilən xalçalar arasında yun, ipək və qarışıq xammallardan hazırlanmış xalçalar yer alır. 2023-cü ildə Azərbaycanda istehsal olunan xalçaların satış həcmi 2022-ci ilə nisbətdə 85% artıb ki, bunun da 18%-ni ixrac təşkil edib.

Qeyd edək ki, “Azərxalça” ASC ölkədə xalçaçılıqla məşğul olan şəxslərin birləşdiyi əsas xalçaçılıq mərkəzidir. Dövlət başçısının 5 may 2016-cı il tarixli sərəncamı ilə 100 illik tarixə malik “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin əsasında “Azərxalça” ASC yaradılıb. Hazırda qurumun 14 bölgədə - Abşeron, Nardaran, Şabran, Ağdam, Horadiz, Tərtər, Qazax, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Lənkəran və Kürdəmirdə xalça emalatxanaları fəaliyyət göstərir. İçərişəhərdə və “Four Seasons Hotel Baku”nun daxilində isə satış və sərgi salonları yaradılıb. Hazırda “Azərxalça” ASC-də ümumilikdə 600-ə yaxın işçi çalışır. Bu işçilərin 500 nəfəri regionlarda xalça emalatxanalarında fəaliyyət göstərən toxucu xanımlardır.

“Azərxalça” 2022-ci illə müqayisədə ötən il ixracını 29% artırıb. Əsas ixrac
coğrafiyasına ABŞ, Almaniya, İspaniya, İsveçrə, Latviya kimi ölkələr daxildir

Ənənədən biznesə...

“Azərxalça” ASC-nın əsas məqsədlərindən biri də ənənəvi xalq üsulu ilə xalça və xalıların istehsalı, ixracı, ölkə daxilində və xaricində satışlarının təşkili, xalçaçılıqda yeni texnologiyaların tətbiqi, maddi-texniki bazasının yaxşılaşdırılması və bu sahənin inkişafı ilə əlaqəli digər işlərin həyata keçirilməsidir. Şirkətin fəaliyyəti ilə bağlı “vergiler.az”a məlumat verən “Azərxalça” ASC-nin mətbuat katibi Xatuna Bağırovanın sözlərinə görə, şirkət həm yerli, həm də dünya bazarında ənənəvi Azərbaycan xalçaları ilə yanaşı, müasir dizayna uyğun, çağdaş interyerin tələblərinə cavab verən məhsulların istehsalı və satışını təşkil edir: “Xalçanın gündəlik tələbat məhsulu olmadığını nəzərə alsaq, bu gün ona olan tələbatı və satışları qənaətbəxş hesab etmək olar. Azərbaycanın zəngin xalçaçılıq sənəti və məktəblərinin hazırda Avropada tanıdılması məqsədilə “Azərxalça” ASC-nin həyata keçirdiyi milli-mənəvi irsimizin təbliğat tədbirləri genişdir. Ötən il ərzində Avropa Şurasının baş qərargahında, Fransanın Strasburq şəhərində, Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində, Vaşinqtonda, Serbiyadakı Azərbaycan səfirliyində “Azərbaycan mədəniyyəti günləri”ndə, Vindzor Kral atçılıq şousunda, Latviyanın tanınmış Liepaya şəhər muzeyində açılan sərgidə, Nyu-Yorkdakı “Türk evi”ndə, Berlində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində, Brüsselin Frison Horta Fondunda, İspaniya Kral Xalça Fabrikinin sərgi salonunda əsl əl işi olan Azərbaycan xalçalarının sərgiləri təşkil olunub. 2024-cü ilin əvvəlində isə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətərin paytaxtı Doha şəhərində keçirilən “Azərbaycan mədəniyyəti günlər”ində xalçalarımızın sərgisi təqdim olunub. Bu ilin mayında Azərbaycan ilə Latviya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Latviyadakı səfirliyimizin və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə Riqadakı Dekorativ İncəsənət və Dizayn Muzeyində xalçalarımızdan ibarət “Yaddaşın genetik kodu. Azərbaycan xalçaları” adlı sərgi açılıb. Tədbirlər çərçivəsində 2027-ci il üçün “Avropanın mədəniyyət paytaxtı” seçilmiş Liepaya şəhərində “Azərbaycan Günü” çərçivəsində xalçaçılıq sənətimizin nümunələri təqdim olunub”.

X.Bağırova əlavə edib ki, “Azərxalça” ASC xalça istehsalının ənənəvi və müasir üslublarının unikal qarışığı ilə beynəlxalq səviyyədə tanınan və şöhrət qazanan “Architectural digest” jurnalına əsasən, dünyanın ən yaxşı 100 dizayneri siyahısına daxil olan alman dizayneri Yan Katla sıx əməkdaşlıq edir. Dizaynerin ənənəvi Azərbaycan xalçaları əsasında hazırladığı, bizim emalatxanalarda toxunan müasir “Azer Pulse” xalça kolleksiyası hazırda dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən “Yan Kath showroom”larında satılır.

Bakıda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan xalçanın bu günlərdə kəsim mərasimi keçirilib. Bu onu göstərir ki, xalçaçılığın inkişafına və bu məhsulların ixracına dövlət tərəfindən ciddi dəstək göstərilir.

Köhnə vərdişlər dirçəldilir

Ən sevindirici məqamlardan biri də budur ki, xalçaçılıq ənənələri işğaldan azad edilmiş ərazilərimizə də qayıdır. Artıq Laçın şəhərində “İslimi” Xalçaçılıq Mərkəzi istifadəyə verilib. Hələ qədimdən bu rayonun məşhur xalçalarının və xalçaçılıq ənənələrinin olduğu nəzərə alınaraq, burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq.

Ən sevindirici məqamlardan biri də budur ki, xalçaçılıq
ənənələri işğaldan azad edilmiş ərazilərimizə də qayıdır

İqtisadçı Pərviz Heydərov da qeyri-neft sektorunda xalçaçılığın iqtisadi baxımdan əlverişli və gəlirli olduğunu vurğulayıb. Onun sözlərinə görə, ənənələrə söykənən bu məhsulun istehsalı və ixracına daha çox dəstək verməklə böyük miqdarda valyuta əldə edə bilərik: “Qeyri-neft-qaz sektorunun inkişafında xalçaçılığın xüsusi çəkisi var. Məhsul istehsalında elə sahələr mövcuddur ki, onlar bizdə ənənəvi xarakter daşıyır. Sadəcə, bu ənənəni inkişaf etdirib yeni formata uyğunlaşdırmaq və həmin məhsulları sənaye üsulu ilə müasir tələblər əsasında istehsal edib xarici bazarlara çıxarmaq lazımdır. Bu, yeni məhsul istehsalından daha asan başa gələr. Ona görə də qeyri-neft-qaz sektoruna aid hər hansı digər məhsuldan fərqli olaraq, xalçaların bazara çıxarılması daha əlverişlidir. Çünki Azərbaycan xalçaları dünyada məşhurdur. Digər ölkələrin bazara çıxış üçün alternativ imkanları da azdır. Bu baxımdan, rəqabətlilik problemi də yoxdur. Biz xalçalarımızın sənaye üsulu əsasında daha çox sayda istehsalına nail olsaq, gəlirlərimiz daha da artar. Qeyri-neft sektoruna aid olan digər məhsullardan fərqli olaraq, bu sahədə daha geniş satışa nail ola bilərik. Bəzi tarixi xalçalarımız bu gün dünyanın inkişaf etmiş ölkələrində muzeylərdə dəyərli eksponat kimi qorunub saxlanılır”.

Gəlirlərimiz ilmə-ilmə arta bilər

P.Heydərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən xalçaçılıq sahəsinə daim diqqət yetirilib, işlərin bir mərkəzdən idarə olunması məqsədilə müfaviq qurum yaradılıb: “Dövlət başçısının çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanda xalçaçılıq sahəsində böyük ənənənin olması yaddan çıxarılmamalı və bunu nəzərə alıb xalçaçılığı daha da inkişaf etdirməliyik. Xalçalarımızın dünya bazarında satışı nəticəsində ölkəmiz kifayət qədər valyuta əldə edə bilər. Buna görə də xarici bazarlara çıxış üçün daha geniş imkanlardan istifadə edilməlidir”.

İqtisadçının fikrincə, Azərbaycanda xalçaçılığın inkişafına dəstək göstərilməsi olduqca vacibdir. Bu sahədəki potensialdan səmərəli istifadə edərək valyuta gəlirlərimizi yüksək səviyyəyə çatdıra, necə deyərlər, gəlirlərimizi ilmə-ilmə artıra bilərik. Eyni zamanda, xalçaçılığın sənaye üsulu ilə inkişafı məşğulluğun təmin olunmasına da böyük töhfə verə bilər. Xalçaçılıq sektorunda sahibkarlığın inkişafına geniş yer verilməsinin vacibliyini vurğulayan P.Heydərov Azərbaycan xalçalarının Çin, Yaxın Şərq, Şərqi Asiya ölkələrinə və Avropa dövlətlərinə satışının təşkili üçün böyük imkanlar olduğunu bildirib.

Fərqanə ALLAHVERDİQIZI