“İndiyədək yeni struktur tərəfindən sahibkarlarla 200-dən çox görüş keçirilib, 500-ə yaxın təklif emal olunub”.
“vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin Qanunvericiliyin monitorinqi və sahibkarlıq subyektləri ilə iş idarəsinin rəisi Əhməd Əhmədov açıqlayıb.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti ilə biznes strukturları arasında münasibətlərin qarşılıqlı əməkdaşlıq formatında qurulması üçün bütün fürsətlərdən istifadə edilir: “Çalışırıq ki, müxtəlif platformalar yaradaq. Bu əməkdaşlığın keyfiyyətini artırmaq üçün Dövlət Vergi Xixmətinin tərkibində struktur dəyişikliyi edərək Vergi siyasəti baş idarəsinin tərkibində Sahibkar birlikləri ilə iş strukturu yaradılıb. Məqsəd biznes camiəsinin vergi qanunvericiliyinin icrası ilə bağlı təkliflərini birbaşa özlərindən eşitmək, təkliflərini almaq, qanunvericiliyə müvafiq dəyişikliklər etməkdır. Bu əməkdaşlığın nəticəsidir ki, son 4 ildə vergi qanunvericiliyində vergi yükünün optimallaşdırılması istiqamətində 63 dəyişiklik aparılıb. Eyni zamanda, 77 dəyişiklik vergi inzibatçılığının optimallaşdırılması, digər dəyişikliklər isə “kölgə iqtisadiyyatı” ilə mübarizə, sosial və uyğunlaşdırma xarakterli güzəştlər olub”.
Ə.Əhmədov əlavə edib ki, dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də bazar iqtisadiyyatındakı sürətli konyunktur dəyişikliklər vergi qanunvericiliyinin və inzibatçılığın təkmilləşdirilməsini zəruri edir. Bunu zəruri edən digər səbəb ölkə daxilində aparılan sosial-iqtisadi siyasətdən qaynaqlanır: “Uzun müddətdir ki, ölkəmizdə “kölgə iqtisadiyyatı” ilə mübarizə çərçivəsində qanunvericilikdə əhəmiyyətli islahatlar aparılır. Burada müxtəlif güzəşt və stimullaşdırıcı dəyişikliklər olunmaqla proses davam etdirilir. Eyni zamanda, inzibatçılıq dəyişdirilir. Təsadüfi deyil ki, artıq əksər vergi ödəyiciləri qanunvericiliyin tələbinə uyğun olaraq sadələşdirilmiş vergi ödəyicisi deyil, gəlir (mənfəət) vergisi ödəyicisi rejimi ilə vergilərini bəyan edirlər. Bu səbəbdən də mühasiblərin aktuallığı kifayət qədər yüksəkdir”.
Dövlət Vergi Xidmətinin mühasiblərdən gözləntisini də dilə gətirən idarə rəisinin fikrincə, sahibkarların vergi uçotu intizamına ciddi əməl etməsini mühasiblər təşviq edə, müxtəlif vergidənyayınma sxemlərinin tətbiqinin qarşısını ala bilərlər. Bu yöndə mühasiblərdən işbirliyi gözlədiklərini deyən Ə.Əhmədov uğurlu əməkdaşlıq formatının gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.
Fərqanə ALLAHVERDİQIZI