Vüqar Bayramov: “Latviya Azərbaycan üçün vacib bazarlardan birinə çevrilə bilər”

2024.05.14 16:55 (UTC+04:00)

“Latviya Azərbaycan üçün qeyri-neft məhsullarının ixracatında vacib bazarlardan birinə çevrilə bilər”.

Bunu “vergiler.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.

Millət vəkilinin sözlərinə görə, Avropa İttifaqının üzvü olan Latviyanın kənd təsərrrüfatı məhsullarına tələbatı var. Azərbaycan bu məhsulları Latviya bazarına çıxara bilər. Lakin bunun üçün Avropa standartlarının tətbiq edilməsi və məhsul ixracının bu standartlar çərçivəsində həyata keçirilməsi çox vacibdir: “Bu baxımdan yerli ixracatçıların Latviya bazarına çıxışı üçün vacib məqamlardan biri xüsusi standartların tətbiq edilməsidir. Bizim qeyri-neft məhsullarımızın Avropa İttifaqına nisbətən az ixrac edilməsinin əsas səbəblərindən biri də məhz bu standartlarla bağlıdır. Ona görə də bu standartların genişləndirilməsi və tətbiqinə ehtiyac var. Xüsusən də aqrar, emaledici sektorlarda çalışan iş adamlarımız tərəfindən bu işlərin daha intensiv şəkildə görülməsi vacibdir. Latviya ixracatçılarının Azərbaycan bazarına çıxışında hər hansı bir əngəl yoxdur. Latviya Azərbaycanın tərəfdaş ölkələrindən biridir. Bu baxımdan Latviya məhsullarını da Azərbaycan bazarında görürük. Bir sıra məhsulların, xüsusilə ərzaq məhsullarının Azərbaycan bazarına ixracatı Latviya şirkətləri və yerli şirkətlər tərəfindən həyata keçirilir. İxrac imkanları hər iki ölkə üçün mövcud potensiallar çərçivəsində genişdir. Amma, sözsüz ki, bizim üçün ən vacib məqamlardan biri daha çox məhsul ixrac etməyimizdir. Bunun üçün də standartların iş adamları tərəfindən tətbiqinin genişləndirilməsi olduqca önəmlidir”.

Azərbaycanla Latviya arasında iqtisadi əlaqələrin genişlənməsinin müşahidə olunduğunu deyən V.Bayramov son illərdə bunun ticarət dövriyyəsində özünü göstərdiyini söyləyib. Onun sözlərinə görə, əgər 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 12,6 milyon, 2022-ci ildə 27,1 milyon dollar olubsa, 2023-cü ildə bu rəqəm 46,3 milyon dollara qədər yüksəlib: “Praktiki olaraq, son illər biz ticarət dövriyyəsində artım müşahidə edirik. Bu artım nəticə etibarilə iqtisadi əlaqələrin genişlənməsindən xəbər verir. İqtisadi əlaqələrin genişlənməsi ticarət dövriyyəsinin artmasında da özünü göstərir”.

Deputat qeyd edib ki, Azərbaycanla Latviya arasında investisiya qoyuluşu imkanları genişdir, çünki iki ölkə maliyyə və bank sektoru üzrə əməkdaşlıq edir. Bununla yanaşı, digər sahələrdə, o cümlədən turizm sahəsində də əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya qoyuluşları imkanları mövcuddur: “Bu əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi önəmlidir”.

İlhamə İSABALAYEVA