Firuzə Abdullayeva: “Mühasibat uçotunun elektron qaydada aparılması vacib tələblərdəndir”

2024.05.07 15:25 (UTC+04:00)

“Artıq mühasibat uçotu sahəsində fəaliyyət göstərən şəxslər, o cümlədən baş mühasiblər rəqəmsal dövrün insanları olduqlarından, mühasibat uçotunu yaxşı bilməklə yanaşı, bu sahə üzrə kompüter proqramlarından da bacarıqla istifadə etməlidirlər”.

vergiler.az” xəbər verir ki, bu fikri Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “İllik Mühasiblər Forumu - 2024” platformasındakı çıxışında səsləndirib.

Onun sözlərinə görə, mühasibat uçotu sahəsində baş verən bir çox əməliyyatlar artıq elektron qaydada həyata keçirilir: “Hazırda bir çox uçot sənədləri, məsələn, elektron qaimə-faktura, elektron alış aktı kimi sənədlər elektron qaydada tərtib olunaraq təqdim edilir. Bank əməliyyatları, vergi hesabatlarının təqdim edilməsi, hətta mühasibat uçotu da elektron qaydada aparılır. Bu səbəbdən də mühasibat uçotu sahəsində fəaliyyət göstərən şəxslərin rəqəmsal bacarıqlara malik olması önəmlidir. Elektron mühasibat uçotu proqramlarından istifayə yiyələnmək ali təhsil müəssisələrinin üzərinə düşür”.

Mühasibat uçotunun elektron qaydada aparılmasının günün vacib tələblərindən olduğunu deyən F.Abdullayeva bununla bağlı “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edildiyini xatırladıb: “22 dekabr 2023-cü ildən qüvvəyə minmiş dəyişikliklərə əsasən, iri sahibkarlıq subyeklərində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyeklərində, qanunla təsdiq edilmiş “Hasilatın pay bölgüsü”, “Əsas ixrac boru kəməri” haqqında və digər bu kimi sazişlər və qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyicilərində və illik maliyyə hesabatları və ya birləşdirilmiş maliyyə hesabatlarında bu qanuna uyğun dəyişiklikləri olan bütün hüquqi şəxslərdə mühasibat uçotu elektron formada aparılmalıdır. Artıq bu sahədə elektronlaşmanın zəruriliyi ilə bağlı tələb qanunvericilik aktlarında da öz əksini tapıb”.