Bu ilin yanvar-mart aylarında Azərbaycanın Macarıstanla ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilin eyni dövrünə nisbətdə 11,3 faiz və ya 1,3 milyon ABŞ dolları artaraq 13 milyon dolları üstələyib.
“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk rübündə Azərbaycandan Macarıstana 826,4 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2023-cü ilin eyni göstəricisindən təxminən 2,5 dəfə və ya 492,4 min dollar çoxdur.
Macarıstandan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 7,3 faiz və ya 836,3 min dollar artaraq 12,2 milyon dollar təşkil edib.
Cari ilin yanvar-mart aylarının nəticələrinə görə, ölkəmizin ümumi ticarət dövriyyəsində Macarıstanla ticarətin payı 0,13 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricini 0,04 faiz bəndi üstələyir.