Azərbaycanda rütubətdən su əldə edən avadanlıq istehsal olunacaq

2024.04.22 15:54 (UTC+04:00)

Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın su ehtiyatları daha məhduddur. Startapçı Aygün Əliyeva içməli su çatışmazlığı probleminin həlli üçün yeni innovativ üsul fikirləşərək atmosferdəki rütubətdən su əldə edən avadanlıq ixtira edib. İxtira patenti ilkin ekspertizadan keçib, layihə müəllifinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi təqdim olunub.

Startapçının “vergiler.az”a verdiyi məlumata görə, ixtira minimum enerji sərfiyyatı ilə ətrafdakı atmosfer havasının rütubətindən suyun kondensasiyasını nəzərdə tutur. Avadanlıq tərkibində su buxarı olan hava axınını tənzimləyir, hava axını süni qızdırılır və kəskin soyudulur, nəticədə su buxarı güclü kondensasiya olunur. Distillə edilmiş bu suyun minerallaşdırılaraq içilməsi mümkündür. İnnovativ avadanlıqdan gündəlik həyatda, xüsusilə təmiz içməli suya çıxışın məhdud olduğu ərazilərdə, sənaye sahəsində istifadə edilə bilər. Generatorun məqsədi enerjiyə qənaət etmək, texnologiyanı sadələşdirmək və məhsuldarlığı artırmaqdır. Digər kondensasiya üsullarından fərli olaraq, bu cihazda havanın səmərəli istiləşməsi üçün hava axını tənzimlənir, lazımi temperatur formalaşdırılır, daha çox miqdarda su-kondensat əldə edilir. Hava axınının və istilik parametrlərinin dəyişdirilməsi ilə su kondensatının çıxışını tənzimləmək mümkündür: “Avadanlıq istənilən nəticəni əldə etmək üçün proqramlaşdırılır və dəyişən mühitə uyğunlaşdırılır. Hazırda üç model təklif edə bilərik: kiçik, orta və böyük. Bu modellər məhsuldarlığına və ölçülərinə görə fərqlənir. Cihaz gündə ən azı 1000 litr su istehsal edə bilər”.

A.Əliyevanın araşdırmalarına görə, atmosfer su generatorunun yaratdığı məhsul yüksək keyfiyyətlidir, çirkləndiriciləri yoxdur. Alınan suyun tərkibindəki duzların və mineralların miqdarı normaya yaxın olduğundan, əlavə olaraq, suyumşaldıcı qurğuya ehtiyac duyulmur. Əldə olunan su qızdırıldıqda heç bir ərp və çöküntü əmələ gətirmir. Avadanlıqdan istifadənin üstünlükləri onun heç bir xarici mənbəyə ehtiyacının olmaması, suyu ekoloji cəhətdən təmiz istehsal etməsi, xərc baxımından səmərəliliyi, minimal texniki xidmət tələb etməsi, istifadəsinin asan olmasıdır: “Təbii su ehtiyatlarını qorumaq üçün atmosfer generatorundan əldə olunan sudan istifadə etmək vacibdir. Qurğu su təchizatı zəif olan ərazilərdə, eləcə də çöl şəraitində və səyahət zamanı istifadə üçün olduqca əlverişlidir”.

A.Əliyeva bildirib ki, generatorun istehsalı üçün tələb olunan ilkin kapital xərcləri 101.725 manat təşkil edır. Startapçının hesablamalarına görə, bu maliyyəni altı ay ərzində geri qaytara bilərlər.

Cihazın istehsalında startapçıya yardım edəcək “Havissos” MMC-nin təsisçisi və direktoru Ruslan Hüseynov artıq bir ildən çoxdur ki, bu layihənin tətbiqi ilə məşğul olduqlarını deyib. Onun sözlərinə görə, kiçik model generatorun gün ərzində 200 litr su istehsal etməsi üçün 7 manatlıq elektrik enerjisi sərf edilir. Generatorun aylıq su istehsalı həcmi 6000 litr olarsa, bu xərc 210 manat, illik su istehsalı həcmi 2.190.000 litr olacağı halda isə 2.520 manat təşkil edəcək. Satışda olan 6.000 litr təmiz suya 1.050 manat xərcin çəkildiyi nəzərə alınarsa, bu, o deməkdir ki, generatorun suyundan istifadə edən şəxs ay ərzində 840 manata (1.050-210=840) qənaət etmiş olacaq.

R.Hüseynov hesab edir ki, qış aylarında bu aparatdan suyun əldə edilməsi üçün daha yüksək enerji tələb olunur. Temperatur fərqi nə qədər az olarsa, cihazın sərf etdiyi enerjinin miqdarı bir o qədər azalır. Təmiz içməli suyun əldə edilməsi, sudakı çirkləndiricilərin məhv edilməsi üçün UV işıq lampasından istifadə edilir: “Hazırda istehsal üçün sınaq işləri aparılır. Avadanlığın hazırlanması üçün tələb olunan detallar Azərbaycanda istehsal olunmadığından Çin və Türkiyədən idxal edilir. Onu da qeyd edim ki, bu generatorun analoji variantı İsraildə də var, lakin onların cihazı daha çox elektrik enerjisi sərf edir, səmərəliliyi bizimkinə nisbətən azdır”.

Startapçı bildirib ki, məhsulu ilkin olaraq yerli, daha sonra xarici bazara çıxarmaq nəzərdə tutulur. Artıq cihazla Dubayın iş adamları maraqlanıb, qurğu hazır olduqdan sonra onlara bir nümunə göndəriləcək.

İlhamə İSABALAYEVA