Qarabağda 1 yeni su kanalı tikiləcək, 2-si yenidən qurulacaq

2024.04.18 11:39 (UTC+04:00)

Qarabağ bölgəsində 1 yeni magistral su kanalının tikilməsi, 2-nin isə yenidən qurulması nəzərdə tutulur.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Su ehtiyatlarının idarəolunması və su anbarları, magistral kanallarının istismarı sektorunun baş məsləhətçisi Sarvan Ağayev deyib.

Onun sözlərinə görə, ilk növbədə İranla Azərbaycan arasındakı “Qız qalası” hidroqovşağının ərazisində yeni magistral su kanalı inşa ediləcək: “Ondan sonra Suqovuşan su anbarından çıxan kanal tam yenidən qurulacaq. Bu kanal işğal altında qalan vaxtlarda ermənilər tərəfindən dağıdılıb. Daha sonra Xaçınçay su anbarından çıxan kanallar yenidən bərpa olunacaq. Bu magistral kanallar çəkildikdən sonra kiçik həcmli kanallar da yenidən qurulacaq”.

S.Ağayev bildirib ki, hazırda respublika üzrə 51 min km uzunluğunda suvarma kanalı var. Yeni kanallar, əsasən, əkin sahələri olan ərazilərdə tikilir.

İlhamə İSABALAYEVA