Startapçı Rafiq Mirzəyev ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı və qida tullantılarından alternativ protein və yağ hazırlayıb. Qida məhsullarının istehlakının durmadan artdığını deyən startapçının “vergiler.az”a verdiyi məlumata görə, bu səbəbdən kənd təsərrüfatı sahəsində istehsal potensialını artırmaq məqsədilə intensiv texnologiyalar və yeni metodlar tətbiq olunur, alternativ istehsal sahələri araşdırılır. Müasir dövrün ən böyük tələbatlarından biri həm insan qidası, həm də heyvan yemlərinin hazırlanmasında istifadə olunan heyvan mənşəli məhsulların istehsalının təşkilidir.
R.Mirzəyev bildirib ki, icrasına hazırlaşdığı layihənin məqsədi bioloji tullantıların sənaye şəklində emalı yolu ilə heyvan mənşəli qida əlavələrinin əldə olunmasıdır. Bunun üçün Cənubi Amerika növü olan, tropik və subtropik iqlimlərdə yaşayan, ikiqanadlılara aid həşərat növündən - “Hermetia illucens”dən (black soldier) istifadə edəcəklər: “Uzunluğu 15-20 mm olan həşəratların sürfələri bitki və heyvan mənşəli müxtəlif çürüyən üzvi maddələrin, o cümlədən tərəvəz və meyvələrin, kompostların, peyinlərin və s. içərisində bəslənərək inkişaf edir. Həyatının ilk anlarında ölçüsü 1 mm (diametr) olan sürfə aktiv şəkildə bəslənir və 0.24 qrama qədər canlı kütlə toplayır. Bu müddət ərzində onun yem əmsalı 3.5-5.5-ə qədər çata bilir. Sürfələrin bu xüsusiyyəti əsas götürüldüyü üçün onlardan müxtəlif ölkələrdə qida, kənd təsərrüfatı və digər üzvü tullantıların emalı zamanı istifadə olunur”.
İdeya təşəbbüskarı qeyd edib ki, həmin biokütlə ilə yemlənən həşəratın sürfələri müəyyən bir ölçüyə çatdıqdan sonra onları bazara heyvan yemlərinin əlavəsi kimi qurudulmuş, dondurulmuş, hətta proteini və yağı ayrılmış şəkildə təqdim edəcəklər. Qalan tullantılar isə gülçülük və bağçılıqda istifadə olunacaq: “Biz bu işləri yaşayış sahələrindən kənarda görmək istəyirik. Çox güman ki, layihəni Bakıətrafı ərazilərdə həyata keçirəcəyik. Amma vacib məqamlardan biri tullantıların logistikasının və saxlanmasının düzgün aparılmasıdır. Həşəratları saxlamaq problem deyil, daha çox tullantıların düzgün idarə olunması çətinlik yarada bilər. Biz bu problemi həll etmək məqsədilə bir neçə plastik məmulat istehsalçısı ilə təmas qururuq. Bu sahədə pioner sayılan Böyük Britaniya və Hollandiyada tullantıların emalı mərkəzləşdirilmiş şəkildə idarə olunduğundan onlar belə bir problem yaşamırlar. Biz bu məsələni həll etmək üçün tullantıları doğru şəkildə daşıyıb, doğru şəkildə depolamalıyıq”.
R.Mirzəyevin sözlərinə görə, tullantıların əldə olunması üçün pul ödəməyi düşünmürlər. Məhsul üçün xammal quşçuluq sexlərində tələf olmuş quşlar, bütün növ qida istehsalçılarının, kəsinti, qida emalı sexlərinin tullantıları, eləcə də kənd təsərrüfatı sahələrində toplanan tullantılar, böyük market şəbəkələrində müddəti bitmiş məhsullar ola bilər: “Qida, kənd təsərrüfatı məhsulları istehsalçıları, satış və logistika mərkəzləri tərəfindən atılan üzvi mənşəli tullantıların səmərəli utilizasiyası aparılmır, ətraf mühit çirklənir və yüz minlərlə ton xammal məhv olur. Ərzaq məhsullarının pərakəndə və topdansatış məntəqələrində, emal və istehsal sahələrində müxtəlif səbəblərdən emal olunmuş, qablaşdırılmış və qablaşdırılmamış məhsulların 25-30 faizi yararsız vəziyyətə gəlir və utilizasiya üçün dövriyyədən çıxarılır. Ölkəmizdə qida tullantılarının utilizasiya infrastrukturu olmadığından bir çox hallarda bu tullantılar poliqonlarda açıq şəkildə boşaldılır və ya torpağa basdırılır. Ətraf mühit və ekoloji stabillik üçün təhlükə mənbəyi olan belə orqanik tullantıların qısa zamanda utilizasiya edilməsi üçün həllər tələb olunur. Bizim də təklif etdiyimiz layihə bu həllərdən biridir”.
Startapçı yaradacağı müəssisədə 1 ay ərzində 10 tona yaxın canlı biokütlə əldə etməyi düşünür. Bunun üçün 60-70 tona yaxın bioloji tullantı emal ediləcək. Layihəni artıq sınaqdan keçirən R.Mirzəyev iki işçinin yardımı ilə 1 həftə ərzində 1 ton canlı biokütlə əldə etdiyini və bu məhsulu istifadə üçün quşçuluq müəssisələrinə verdiyini söyləyib: “Yetişdirilmə o qədər sürətlidir ki, bir ay ərzində istehsal gücünü dəfələrlə artırmaq olar. Bu ilin ortalarında fəaliyyətə başlamağı, ilin sonunda artıq hazır məhsulu bazara çıxarmağı düşünürük. Əsas problem sürfəni yetişdirmək deyil, yeni məhsulu bazara effektiv şəkildə təqdim etməkdir”.
Layihənin investisiya dəyərinin təxminən 60 min manat qiymətləndirildiyini deyən sahibkar bunun kiçik gücdə olan müəssisənin qurulması üçün tələb edilən məbləğ olduğunu açıqlayıb. Onun fikrincə, layihə üçün ən yaxşı investor hər hansı quşçuluq müəssisəsi də ola bilər.
İlhamə İSABALAYEVA