Bu il ərzində Azərbaycanda arıçılıq sahəsində məhsuldarlığın ötən ilə nisbətən təxminən 50 faiz çox olması gözlənilir.
Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Azərbaycan Arıçılar Assosiasiyasının sədr müavini Rəşad Rəşidov deyib.
Onun sözlərinə görə, 2023-cü ildə arıçılıq məhsullarının istehsalı 2022-ci ilə nisbətən 50 faiz az olsa da, bu il məhsuldarlıq həddinin 2022-ci ildəki həddə olacağı (2022-ci ildə Azərbaycanda 7 min 445,9 ton bal istehsal edilib) proqnozlaşdırılır.
R.Rəşidov bildirib ki, ötən illə müqayisədə bu il iqlim şəraitinin əlverişli olması arıların daha yaxşı inkişaf etməsinə, bu isə öz növbəsində məhsuldarlığın artması üçün münbit şəraitin yaranmasına səbəb olub.
Qurumun sədr müavini işğaldan azad edilmiş ərazilərdə arıçılığın inkişaf etdirilməsinin ölkə üzrə məhsuldarlığı artırdığını söyləyib.