Ruslan Atakişiyev: “Konqo Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir”

2024.04.05 17:26 (UTC+04:00)

“Konqo Respublikası ilə Azərbaycan arasında əməkdaşlıq son dövrlərdə daha da yaxşılaşıb. Bunun əsas səbəblərindən biri Konqonun Qoşulmama Hərəkatının üzvü kimi Azərbaycanın haqq işinə dəstək göstərməsidir”.

Bunu “vergiler.az”a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev deyib. Onun sözlərinə görə, qeyd olunanlarla yanaşı, iki ölkəni maraqlandıran iqtisadi məsələlər də bu yaxınlaşmanı şərtləndirir. Bunlardan biri Konqonun Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında əməkdaşlığın qurulmasıdır. Bu məqsədlə imzalanmış müqavilədə əsas məsələ Konqonun neft emalı zavodlarının təkmilləşdirilməsi və genişləndirilməsi işlərinin aparılmasıdır: “Azərbaycan artıq 2 əsrə yaxındır ki, neft sahəsində əsaslı təcrübəyə malikdir. Konqo Azərbaycanın bu təcrübəsindən geniş şəkildə yararlanmaq istəyir. Digər tərəfdən, bu il Azərbaycanın COP-29-a ev sahibliyi edəcəyi səbəbindən, dünya ictimaiyyətinin ölkəmizə marağı daha da artıb. Konqo da bu çərçivədə Azərbaycanın ətraf mühitin mühafizəsi ilə bağlı təcrübəsini öyrənmək marağındadır. Bununla bağlı olaraq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu imzalanıb”.

İqtisadçı əlavə edib ki, öz növbəsində Azərbaycan Konqoya olan marağı çərçivəsində bu ölkədə bir sıra investisiya layihələrində iştirak etmək niyyətindədir. Əsas hədəf kənd təsərrüfatı, bərpa olunan enerji, energetika, mədənçilik sahəsində əməkdaşlıqla bağlıdır: “Bu, kənd təsərrüfatı məhsullarının təmini baxımından da əhəmiyyət kəsb edir. Azərbaycan artıq bərpa olunan enerji sahəsi üzrə böyük layihələr icra edir. Belə layihələrin Azərbaycan təcrübəsi əsasında Konqoda həyata keçirilməsi onun satışından gələn gəlirlərin ümummilli gəlirlərin formalaşmasına olan təsirini artırır”.

Xatırladaq ki, aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyev və Konqo Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” imzalayıblar. Bununla yanaşı, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalanıb.

İlhamə İsabalayeva