“CM ElecTroniq” MMC-nin direktoru Anar Nəbiyev ölkədə ilk dəfə istehsal olunan ultrasəs terapevtik arıqlama cihazına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən “Startap” şəhadətnaməsi alıb. Startapçı “vergiler.az”a bildirib ki, cihazı keçən ilin dekabrında yaradıb, bu il fevral ayının sonunda isə layihəsi üçün ona müvafiq şəhadətnamə təqdim edilib.
Kosmetoloji təyinatlı “Sculptor” cihazı terapiya üsulu ilə dərialtı piy qatlarının azaldılması məqsədilə hazırlanıb. Dövlət standartlarının tələbləri nəzərə alınmaqla yaradılmış və arzuolunan nəticəni əldə etməyə kömək edən cihazı hazırda bəzi estetik mərkəzlər istifadə edirlər. Cihazın yüksək ultrasəs dalğaları dəridə sürətli təzyiq dəyişiklikləri yaradır, bu isə piy qatlarının parçalanmasına, daha sonra maye şəklində limfa sistemi vasitəsilə bədəndən ifraz olunmasına yardım edir. “Sculptor” lipidləri yağ hüceyrələrindən azad etmək üçün yüksək tezlikli ultrasəsdən istifadə edir. Cihaz dərini dartmaqla yanaşı, sifət və boyun nahiyəsini incəldir, ikinci buxağı aradan qaldırır. Aparat vücudun digər nahiyələrinin də arıqlamasına təsir edir.
Terapevtik arıqlama cihazı həm stasionar, həm də ambulator istifadə üçün nəzərdə tutulub. Cihaz xüsusi çantada daşına bilir, onun iki tutacaqlı başlığı mövcuddur. Aparatın qiyməti 15 min dollardır.
A.Nəbiyev cihazdan istifadə edən estetik mərkəzlərin rəylərinə əsasən bildirib ki, “Sculptor”la elə ilk seansdan nəticə əldə etmək mümkündür: “İsraildə belə bir aparat var, amma onun funksiyaları daha çoxdur. Mən də həmin məhsul əsasında bu cihazı hazırlamışam. Cihaz tamamilə Azərbaycan məhsuludur. Aparat üçün müvafiq sənədləri almışıq ki, onu xarici ölkələrdə sata bilək. Düşünürük ki, investorlar olarsa, bu cihazları icarəyə də verə bilərik”.
Startapçı əlavə edib ki, artıq 7 cihaz istehsal edilib: “İstehsalı genişləndirmək üçün cihazın kütləvi istehsalına hazırıq. İstehsala və satışa başlamaq üçün təxminən 50-60 min manat həcmində vəsait lazımdır. Artıq Qazaxıstan və Türkiyənin bizdən bu cihazları istəməsinə baxmayaraq, məhsullarımız yerli bazarda öz yerini tam tutmayana qədər onların xaricə çıxarılmasını planlaşdırmırıq”.
İlhamə İSABALAYEVA