Vergi Məcəlləsinin 16.1.11-6 maddəsinə əsasən, aşağıdakı şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicilərinin vəzifəsidir:
- ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi;
- dövlət hakimiyyəti, yerli özünüidarəetmə orqanları və büdcə təşkilatları tərəfindən işlərin və xidmətlərin təqdim edilməsi;
- notariuslar tərəfindən (notariat hərəkətlərinin aparılmasına və notariat hərəkətləri ilə əlaqədar) xidmətlərin göstərilməsi;
- lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi;
- Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillər və vəkil qurumları tərəfindən edilən ödənişlər üzrə.
Qanunvericiliyin tələbi və mövcud dəyişiklikləri “vergiler.az”a maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Vergi Məcəlləsinin 16-cı maddəsində vergi ödəyicilərinin vəzifələri sadalanır. Bu vəzifələrdən biri də 16.1.11-6 maddədə göstərilir: "...digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək".
Lakin maddənin əvvəlində bu qaydadan müəyyən istisnaların olması deyilir və həmin istisnalar ardıcıl olaraq sadalanır. Bu istisnalardan birinci belə səslənir: “16.1.11-6.1. ödəniş xidməti təchizatçıları tərəfindən müştərilərin hesabları üzrə xidmətlərin göstərilməsi”. Yeri gəlmişkən, bu maddənin əvvəlində 01.01.2024 tarixinə kimi "bank əməliyyatlarını həyata keçirən şəxslər" ifadəsi işlənirdi, lakin Vergi Məcəlləsində edilmiş sonuncu dəyişiklər nəticəsində həmin ifadə daha geniş olan "ödəniş xidməti təchizatçıları" ifadəsi ilə əvəz edildi.
Maddədən göründüyü kimi, banklar da digər ödəniş xidməti təchizatçıları kimi, müştərilərin hesabları üzrə göstərdiyi xidmətlərə görə elektron qaimə-faktura təqdim etməməlidirlər. Bu növ xidmətlərə müştərinin bank hesabı ilə bağlı istənilən xidmət aid edilə bilər. Həmin xidmətlərə ödəmə tapşırıqlarına və POS-terminal dövriyyələrinə görə tutulan komissiya haqları, vəsaitlərin nağd qaydada hesabdan çıxarılmasına görə tutulan komissiya haqqı, hətta hesabdan çıxarış almağa görə tutulan xidmət haqqı daxildir.
Bəs banklar həyata keçirdiyi hansı xidmətlər üzrə elektron qaimə-faktura təqdim etməlidirlər?
Yuxarıda qeyd olunan maddədən göründüyü kimi, yalnız o gəlirlərə görə ki, müştərilərin hesablarına xidmətlərin göstərilməsi kimi təsnifləşdirilə bilməz: inkassasiya xidmətləri, depozit qutularının təqdim edilməsi üzrə xidmət haqları, çek kitabçalarının satışı və s.
Təəssüf ki, bəzən Vergi Məcəlləsinin 16.1.11-6.1-ci maddəsində qeyd olunan istisnanı səhv olaraq "göstərilən maliyyə xidmətlərinə görə" kimi izah edirlər. Sözsüz ki, bu, yanlış yanaşmadır. Çünki maliyyə xidməti daha geniş anlayışdır, maddədə göstərilən istisna isə yalnız onun bir hissəsi olan müştərilərin hesablarına göstərilən xidmətlərə verilir.