“Mühasibat uçotu haqqında” Qanunda edilmiş son dəyişikliklərə əsasən, iri və orta sahibkarlıq subyektləri və publik hüquqi şəxslər mühasibat uçotunu elektron formada aparmalıdırlar.
“vergiler.az” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “Vergi və mühasibatlıq zirvəsi-2024” platformasındakı çıxışında məlumat verib. Onun sözlərinə görə, bu tələb mühasibat uçotu sahəsində süni intellektin tətbiqi ilə beynəlxalq standartlar əsasında mühasibat uçotunun daha dəqiq aparılmasına, nəticədə maliyyə hesabatları, vergi bəyannamələri və digər hesabatların elektron qaydada əldə olunması və təqdim edilməsinə səbəb olacaq: “Mühasibat uçotu sahəsində qanunvericiliyin təkmilləşdirilməsi işləri daim davam etdirilir. Bu məqsədlə təkcə mühasibat uçotu sahəsi deyil, eyni zamanda əlaqəli qanunvericilik aktlarının təkmilləşdirilməsi də qarşıda duran vacib məsələlərdəndir. Son dövrlərdə mühasibat uçotu sahəsində aparılan islahatlar bu sahənin daha da inkişaf etməsinə təkan verib. Hazırda ölkədə təxminən 3 minə yaxın şəxs peşəkar mühasib sertifikatı əldə edib. “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə əsasən, bu sertifikatı əldə etmiş şəxs eyni zamanda peşəkar mühasib təşkilatlarından birinin üzvü olduğu halda peşəkar mühasib sayılır. Bu gün Maliyyə Nazirliyində akkreditasiya olunmuş 4 peşəkar mühasib təşkilatı fəaliyyət göstərir”.
F.Abdullayeva əlavə edib ki, mühasiblərin peşəkarlıq səviyyəsinin artması müəssisənin gələcək inkişaf perspektivlərinin müəyyən edilməsi, təşkilatın kapital, gəlir və xərclərinin uçotunun, eləcə də əmək haqlarının, vergilərin düzgün hesablanması, ödənişlərin vaxtında həyata keçirilməsi ilə nəticələnməklə müəssisənin iqtisadi səmərəsinin artmasına gətirib çıxarır: “Müsahibat işi böyük bilik və geniş dünyagörüşü tələb edir. Bu gün mühasib müəssisənin fəaliyyətini qanun çərçivəsində planlaşdırıb müsbət maliyyə nəticəsi əldə etməsi üçün öz işinə yaradıcı yanaşmalıdır. O, qanunvericilikdəki dəyişikliklərdən daim xəbərdar olmalı, əməliyyatları düzgün və qüsursuz aparmalı, müasir texnologiyalar və proqram təminatları ilə işləməyi bacarmalıdır”.