İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və ölkə iqtisadiyyatına reinteqrasiya edilməsi üçün mühüm istiqamətlərdən biri də sahibkarlar üçün güzəştlərin tətbiq olunmasıdır. Bu fikri “vergiler.az”a açıqlamasında millət vəkili Vüqar Bayramov səsləndirib. Onun sözlərinə görə, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarların zəmanət və subsidiya ilə dəstəklənməsi prioritetdir.
“Prezidentin göstərişinə və imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların kommersiya banklarından əldə etdikləri kreditlər üçün həm dövlət zəmanətinin verilməsi, həm də faizlərin subsidiyalaşdırılması imkanı yaradılıb. Bu mexanizm çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır. Nəticədə sahibkarlar bu kreditlər üzrə faizlərə subsidiya əldə etməklə kredit xərclərini azalda biləcəklər”.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarların
kommersiya banklarından əldə etdikləri kreditlər üçün həm dövlət zəmanətinin
verilməsi, həm də faizlərin subsidiyalaşdırılması imkanı yaradılıb
İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün genişmiqyaslı güzəştlərin nəzərdə tutulduğunu deyən V.Bayramov onların 10 il müddətində demək olar ki, bütün vergilər üzrə güzəştlər əldə etdiklərini vurğulayıb: “Bu, sahibkarlarımızın işğaldan azad olunan ərazilərə sərmayə qoyuluşu baxımından çox vacibdir. Onlar üçün yalnız vergi sahəsində deyil, eyni zamanda kommunal xidmətlərdə də güzəştlər var. Belə ki, sahibkarlar ödədikləri kommunal xidmətlərin 20 faizini sonradan dövlət tərəfindən kompensasiya olaraq geri almaq imkanına malikdirlər. Güzəştlər yalnız sahibkarlarla bağlı deyil, həm də sahibkarların işə götürdüyü işçilərlə bağlıdır. Həmin işçilərə 600 manatlıq birdəfəlik müavinət nəzərdə tutulub. Eyni zamanda, onlar üçün hətta sosial ödənişlərin dövlət tərəfindən subsidiyalaşdırılması həyata keçirilir ki, bu da təbii olaraq sahibkarların xərclərinin azaldılması və daha ixtisaslı kadrların işə cəlb edilməsi baxımından çox vacibdir”.
Güzəştlər yalnız sahibkarlarla bağlı deyil,
əm də sahibkarların işə götürdüyü işçilərlə bağlıdır
V.Bayramov artıq Qarabağ və Şərqi Zəngəzurda öz bizneslərini qurmaq istəyənlərin müraciətlərinin kifayət qədər çox olduğunu, müraciətlərin həm yerli sahibkarlardan, həm də xarici investorlardan daxil olduğunu deyib: “Bütün bunlar ondan xəbər verir ki, biz daha qısa zamanda işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatın formalaşması və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası prosesini müşahidə edə biləcəyik”.
Fərqanə ALLAHVERDİQIZI