Daxildə emal xüsusi gömrük proseduru sahibkarlara məhsul istehsalını genişləndirməyə və ixracın artırılmasına imkan verir.
Bu fikri “vergiler.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli səsləndirib. Onun sözlərinə görə, bununla bağlı Gömrük Məcəlləsinə uyğun olaraq qaydalar müəyyənləşdirilib: “Qaydaların əsas mahiyyəti ondan ibarətdir ki, istehsalçı sahibkarın ixraca yönləndirdiyi məhsullar üzrə gömrük rüsumu və ƏDV-dən azadolma imkanları yaranır. Yəni ixracla məşğul olan sahibkar gömrük rüsumundan azad olur, idxal zamanı gətirdiyi məhsullara gömrük rüsumu, eləcə də ƏDV ödəmir. Amma qaydalar sırf ixrac üçün nəzərdə tutulan məhsulların emalına yöəldilən mallara aiddir. Sahibkar əvvəlcədən ixrac edəcəkləri məhsulu müvafiq qurumla razılaşdırır. Onların normativləri, hasilat norması razılaşdırılır və müvafiq qurum buna razılıq verəndən sonra həmin məhsulun istehsalında istifadə olunan xammal gömrük sərhədini keçəndə rüsum və vergi alınmır”.
X.Kərimli əlavə edib ki, daxildə emal xüsusi gömrük prosedurunun tətbiqində məqsəd ixracın stimullaşdırılmasıdır. İqtisadçı bu təcrübənin digər ölkələrdə də uğurla tətbiq edildiyini, həmin qayda ilə sahibkarların işinin asanlaşdırıldığını bildirib.