Nərmin Qurbanova: “Vahid bəyannamə” vergi ödəyicilərinin inzibati yükünü azaldıb”

2024.02.05 10:51 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vergi ödəyiciləri tərəfindən təqdim olunan “Vahid bəyannamə”nin göndərilməsi prosesi asanlaşdırılıb. Belə ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin optimallaşdırılması və təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bununla mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannaməni rahat şəkildə təqdim etmələrinə imkan yaranır.

“Vahid bəyannamə”nin istifadəyə verilməsini sahibkarlar, eləcə də onlara xidmət göstərən mütəxəssislər müsbət qiymətləndirirlər. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin eksperti Nərmin Qurbanova “vergiler.az”a açıqlamasında bildirib ki, yenilik vergi ödəyicilərinin inzibati yükünün azalmasına səbəb olub: “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”dəki dəyişiklik işçisi olmayan fərdi sahibkarlara tətbiq edilir. Onlara SMS bildiriş vasitəsilə hazır hesabat forması göndərilir. Əgər vergi ödəyicisi həmin “Vahid bəyannamə”dəki hesabatda göstərilən məlumatlarla razıdırsa, “ASAN İmza” vasitəsilə imzalayaraq vergi orqanına göndərir. Razı deyilsə, düzəliş edərək yenidən göndərir”.

2023-cü ilin 4-cü rübündən etibarən “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin istifadə verildiyini deyən N.Qurbanova bununla fərdi sahibkarların inzibati yükünün, eləcə də vaxt məhdudiyyətinin aradan qaldırıldığını vurğulayıb.

Onu da qeyd edək ki, vergi ödəyicilərinin vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər barədə daha geniş məlumatlandırılması məqsədilə işçisi olmayan fiziki şəxslər üzrə sadələşdirilmiş formanın tərtib edilməsi və göndərilməsi barədə müvafiq videotəlimat da hazırlanıb. Videotəlimatda “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə”nin sadələşdirilmiş formada onlayn tərtib olunması və göndərilməsi prosesi əks etdirilir.