“Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
Qanunvericiliyə uyğun olaraq, sığortaolunanların, yəni hazırda əmək fəaliyyətini davam etdirən vətəndaşların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı (pensiya təyinatında istifadə edilməmiş kapital) ildə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən indeksləşdirilir.
Artıq Dövlət Statistika Komitəsi 2023-cü il üçün istehlak qiymətləri indeksini açıqlayıb. Bu rəqəm 8,8% təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili “vergiler.az”a bildirib ki, qanunvericiliyə əsasən, pensiyanın məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilməklə artırılır: “İndeksasiya prosesində hər hansı istisnalar yoxdur və bütün növ pensiyaların indeksləşdirilməklə artırılması təmin olunur. 2023-cü ilin əvvəlindən də pensiyalar əvvəlki il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə, sığortaolunanların pensiya kapitalları isə əvvəlki il üzrə istehlak qiymətləri indeksi səviyyəsinə uyğun indeksləşdirilərək artırılıb. Məsələn, vətəndaşın yaşa görə pensiyasının məbləği 01.12.2022-ci il tarixində 600 manat təşkil edibsə, bu məbləğ Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən həmin il üzrə ölkədə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq 01.01.2023-cü il tarixindən 14,7% indeksləşdirilməklə artırılaraq 688,20 manata çatdırılıb”.
R.Mehdili əlavə edib ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı onlarla bağlı ödənilən məcburi dövlət sosial sığorta haqları əsasında formalaşır. Əmək müqaviləsi (kontraktı), mülki hüquqi xarakterli müqavilələrlə və digər formada işləyən sığortaolunanlar üzrə ödənilən sosial sığorta haqları üzrə toplanan pensiya kapitallarının ildə bir dəfə qeyd olunan qaydada indeksləşdirilərək artırılması həyata keçirilir.
Sığortaolunanların fərdi hesabında toplanan pensiya kapitalının məbləği isə bu il istehlak qiymətləri indeksinə uyğun olaraq 8,8% artırılacaq. Tutaq ki, vətəndaşın 38 yaşı var və onun fərdi hesabının sığorta hissəsində 42.300 manat pensiya kapitalı qeydə alınıb. Qaydaya uyğun olaraq, hələ pensiya hüququ yaranmamış vətəndaşın pensiya kapitalı 1 yanvar 2024-ci il tarixindən 8.8% indeksləşdirilərək 46.022.4 manata çatdırılır:
42300 x 8.8% = 3722.4 manat;
42300 + 3722.4 = 46022.4 manat.