Eldəniz Əmirov: “Rəqabət Məcəlləsinin sosial-iqtisadi sahəyə önəmli təsiri olacaq”

2024.01.26 10:47 (UTC+04:00)

“Rəqabət Məcəlləsi hər bir ölkənin iqtisadi qanunvericilik bazasının vacib hüquqi aktıdır. Yəni bu Məcəllə olmadan ölkədə rəqabət mühitini formalaşdırmaq mümkün olmaz”.

Bu fikri iqtisadçı ekspert Eldəniz Əmirov Rəqabət Məcəlləsinin əhəmiyyətini “vergiler.az”a şərh edərkən səsləndirib.

“İstənilən qanunvericilik aktı qəbul edilərkən sadə insanlar bilavasitə bunun özlərinə nə cür təsir edəcəyini düşünürlər. İlk baxışdan Rəqabət Məcəlləsi və əhalinin sosial rifahı arasında elə bir rabitə görünməsə də, dolayısı ilə buna hesablanıb. Yəni keyfiyyətli məhsula əlçatanlıq, məhsul çeşidliliyi, bolluğu olmalıdır. Bunları təmin etməyin yolu sahibkarlığın inkişaf etməsindən keçir. Sahibkarlıq subyektlərinin inkişafına nail olmaq üçün ölkədə rəqabət mühiti olmalıdır. Məhz bu baxımdan Rəqabət Məcəlləsinin ölkənin bütün sahələrinə, xüsusilə də iqtisadi, sosial sferaya son dərəcə önəmli təsiri olacaq”.

Xatırladaq ki, dövlət başçısı yanvarın 23-də “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb. Sənədə əsasən, Məcəllə 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək. Qanunda bir sıra normativ hüquqi aktların hazırlanması nəzərdə tutulub. E.Əmirov öncə bilavasitə Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyətin növləri və onları müəyyən edən qanun layihəsinin hazırlanacağını bildirib: “Hüquqi normativ aktlar bilavasitə Məcəllənin işlək mexanizmini təmin etmək üçün vacibdir. Bu aktları Nazirlər Kabineti təsdiq edəcək. Bunlar Məcəllənin tətbiq edilmədiyi sahələrin, məhsulların siyahısı, bazar paylarının hesablanması qaydası, yoxlamaların keçirilməsi qaydasıdır. Bilirik ki, müəyyən proseslər zamanı mallar müsadirə edilir və ya götürülür. Sonrakı mərhələdə həmin mallarla necə davranmaq məsələsinin də hüquqi əsası olmalıdır. Eləcə də nəzarət komissiyası yaradılmalıdır. Onun fəaliyyəti ilə bağlı məsələlər sənəddə əksini tapmalıdır. Monitorinqin aparılması prosesləri, protokolların tərtib olunması kimi məsələlərə dair normativ aktların hazırlanması da Nazirlər Kabinetinə tapşırılıb”.

E.Əmirov sənədin hazırlanmasında xarici təcrübədən istifadə edildiyini və onun geniş spektrli hüquqi akt olduğunu bildirib.