Azərbaycan iqtisadiyyatında aparılan islahatlar maliyyə bazarından da yan keçməyib. Son illərdə banklar və investisiya şirkətlərinin idarəetmə və infrastruktur təminatı baxımından yenilənməsi müşahidə edilir. Bütün bunlar isə bazara yeni və dayanıqlı investisiyaların cəlb olunmasını şərtləndirir. Bəs bu istiqamətdə 2024-cü ildə hansı yeniliklər gözlənilir?
Mövzunu “vergiler.az”a şərh edən iqtisadçı Cəfər İbrahimli son illərdə maliyyə bazarlarında baş verən dəyişiklikləri və gələcək gözləntiləri açıqlayıb. Onun sözlərinə görə, hazırda əsas çağırışlar bazara yeni investorların cəlb olunması ilə bağlıdır: “Əvvəllər Azərbaycanın maliyyə bazarı iştirakçılarının daha çox maliyyə alətləri, infrastrukturla bağlı çətinlikləri var idi. İndiki vəziyyətdə isə durum dəyişib. Artıq bazarda kifayət qədər maliyyə aləti var. Bizim bundan sonra kapital bazarı iştirakçıları üçün əsas prioritetimiz daha çox investorların cəlb olunmasıdır. Düşünürük ki, bu məsələdə əsas amillər bazar iştirakçılarının əsasən investorlarla daha sıx şəkildə işləməsi ilə bazarın yenidən bu konfiqurasiyada inkişafına nail olmaqdır”.
İnvestisiya şirkətlərinin səhmlərin həcmi məsələsində çətinliklərinin olduğunu deyən C.İbrahimli bu il investorların cəlb edilməsində dəyişikliyin olacağını bildirib. Əlavə edib ki, 2023-cü ildə Azərbaycandakı iri şirkətlərin kapital cəlb etməsini şərtləndirən qərar qəbul edilib. Bu məqsədlə onlar səhm və istiqrazlar üzərindən investisiya cəlb etməyə çalışacaqlar: “Dünya təcrübəsində də dövlət şirkətləri kapital bazarlarının inkişafında böyük rol oynayır. Çünki dövlət şirkəti olduğu üçün investorlara görə riksləri də azdır. Buna görə də Azərbaycanda da belə şirkətlərin daha çox investora ehtiyacı olacaq. İnvestorlar üçün daha maraqlı maliyyə alətləri meydana çıxacaq. Bu mənada, 2024-cü ildə investisiya şirkətləri üçün müsbət dəyişikliklərin olacağı gözlənilir”.
İqtisadçı kapital bazarının inkişafına dəstək olan vacib məsələlərdən biri kimi 2023-cü ildən başlayaraq istiqraz və səhm buraxılışlarına böyük ölçüdə vergi güzəştlərinin verilməsini də vurğulayıb. Qeyd edib ki, 2023-cü il fevralın 1-dən etibarən 5 il müddətində kütləvi təklif edilmiş, tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividendlər və faiz gəlirləri gəlir vergisindən azad olunub. 2023-cü ildən başlayaraq, Vergi Məcəlləsində dividendlər üzrə vergi güzəştlərinin məhz birjada olan səhmlərə münasibətdə tətbiqi kapital bazarlarının inkişafı istiqamətində hədəfli təşviq siyasətinin həyata keçirildiyini göstərir. Beləliklə, birjadakı səhmlər üzrə dividendlər də vergidən azad edilib. “Fiziki şəxslərin istiqrazlardan əldə etdikləri gəlirlərdən vergi tutulmur. Ancaq bank depozitlərindən əldə edilən gəlirlər vergiyə cəlb olunur. Bu baxımdan, investorlar qiymətli kağızlara üstünlük verirlər”, – C.İbrahimli bildirib.
Ekspert qeyd edib ki, listinqdən keçən, kütləvi şəkildə və tənzimlənən bazarda əməliyyat edən ASC-lər əldə etdikləri dividendləri bölüşdürərkən fiziki şəxslər ödəmə mənbəyində vergiyə cəlb olunmayacaqlar. Bu da dövlət tərəfindən kapital bazarının inkişafı üçün növbəti dəstəkdir.
İqtisadçı kapital bazarı üçün vacib məsələlərdən biri kimi infrastrukturun yenilənməsini, nəticədə səhm və istiqarazların satışının onlayn qaydada reallaşdırıldığını bildirib: “Artıq bir sıra xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da bu ildən etibarən investorlar Bakı Fond Birjası üzərindən istənilən investisiya şirkəti ilə müqavilə bağlayaraq hər hansı qiymətli kağızın onlayn qaydada alğı-satqısını həyata keçirə biləcəklər. Hesab edirik ki, bu, yerli investorların kapital bazarına yönəldilməsinə ciddi müsbət təsir edəcək”.
İnkişaf etmiş ölkələrdə kapital bazarının inkişafında mühüm amillərdən biri böyük fondların yerli bazara gəlməsidir. Azərbaycanın kapital bazarında xarici investorların iştirakının vacib olduğunu deyən C.İbrahimli yeni çağırışlar sırasında bu məsələnin xüsusi yer tutduğunu da vurğulayıb: “Milli Depozit Mərkəzi tərəfindən aparılan işlər nəticəsində xarici investorların Azərbaycan bazarına daha sürətli girişi təmin olunacaq. Yəni xarici investorların bazara gəlməsi bu sahədə likvidliyin atrmasına təkan verəcək. Eyni zamanda, böyük həcmdə vəsaitlərin bazara daxil olması maliyyə qurumlarının daha rahat və daha ucuz pul bazarlarına çıxışının təmin olunmasını asanlaşdırılacaq. Hesab edirik ki, bu əsas faktorlar növbəti illərdə kapital bazarının daha da inkişaf etməsinə, böyüməsinə gətirib çıxaracaq”.
Fərqanə ALLAHVERDİQIZI