Ötən il 17 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb olunub

2024.01.09 16:02 (UTC+04:00)

2023-cü ildə Dövlət Məşğulluq Agentliyi tərəfindən 118 min 398 şəxs münasib işlə təmin edilib, 17 min 362 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub. “vergiler.az” xəbər verir ki, bunu ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında qurumun İdarə Heyətinin sədri Mustafa Abbasbəyli açıqlayıb.

Onun sözlərinə görə, ötən il özünüməşğulluq proqramı çərçivəsində 13 yeni zərf yaradılıb, 18 zərfin tərkibi isə təkmilləşdirilib: “Dövlət-özəl tərəfdaşlığı əsasında peşə hazırlığı kurslarının əhatə dairəsi də genişləndirilib, əməkdaşlıq olunan müəssisələrin sayı 130-a çatıb. Ötən il, həmçinin, illik 960 nəfərin peşə kursu keçməsinə imkan verən Qarabağ Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. Bununla da Agentliyin peşə hazırlığı mərkəzlərinin sayı 4-ə çatıb. 2023-cü il ərzində 9 min 518 nəfər peşə hazırlığına cəlb edilib. Kursları bitirənlərin 81 faizi işlə təmin olunub”.

Agentlik sədri bildirib ki, əməkhaqqının birgə maliyyələşməsi proqramı çərçivəsində 315 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1198 şəxs işlə təmin olunub. İl ərzində 8 min 370 şəxsə işsizlikdən sığorta ödənişi təyin edilib. İşsizlikdən sığorta ödənişinin təyin olunması şərtləri bir qədər də yumşaldılıb. Belə ki, müddətli əmək müqaviləsinin başa çatması səbəbindən işdən azad edilmiş şəxslər üçün tələb olunan sığorta stajının müddəti 30 aydan 24 aya endirilib.