“Yeni Baş plan Bakının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Layihə çox maraqlıdır və qoyulan məsələlərin tam icrası təmin olunarsa, 2040-cı ilə qədər paytaxtımız dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Sənəddə yer alan əhəmiyyətli hissələrdən biri də yaşıllıq zolaqlarının artırılmasının vacibliyidir”.
Bu sözləri "Uniprice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı “vergiler.az”a şərh edərkən deyib.
R.Qasımzadə əlavə edib ki, Baş planda mərkəzlə yanaşı, paytaxtın rayonlarının da inkişafı nəzərdə tutulub. Sənəddə turizm sektoru üçün də əhəmiyyətli hissə ayrılıb: “Demək olar ki, Xəzərin sahilboyu hissəsi tamamilə turizm obyektlərinin istifadəsinə verilə bilər. Mərdəkan qəsəbəsi, Bilgəh, Nardaran, Pirşağı kimi ərazilərdə böyük infrastrukturun yaradılması gözlənilir. İlk növbədə, çoxmənzilli, hündürmərtəbəli binaların inşasının şəhərdən bir qədər kənara çəkilməsi planlaşdırılıb. Yəni, bu, daha çox altmərkəzlərin üzərinə qoyulur. Şəhərin mərkəzi hissəsində isə bundan sonra ancaq ortamərtəbəli binaların inşası qeyd olunur. Xüsusilə, pilot layihə kimi, Ağa Nemətulla küçəsi istiqamətinin və Montin qəsəbəsinin seçilməsi də əhəmiyyətlidir. Çünki orada ən çox 1-2 mərtəbəli evlər, binalar yerləşir. 4-5 mərtəbəli binalar da ən çox həmin ərazidədir. Onların sökülüb yerində Yeni Bakının kiçik bir hissəsinin qurulması, orada iş mərkəzlərinin, çoxmənzilli binaların, istirahət parklarının yaradılması maraqlı olacaq. Planda da qeyd edildiyi kimi, köhnə binaların yerində parklar və müasir binaların inşası nəzərdə tutulur”.
2040-cı ilə qədər Bakının yükünün azaldılmasının planlaşdırıldığını deyən R.Qasımzadə Baş planda təhsil ocaqlarının şəhər mərkəzindən bir qədər kənara çıxarılması, eləcə də nəqliyyat infrastrukturunun qurulması kimi vacib tədbirlərin yer aldığını deyib. Onun sözlərinə görə, paytaxtda yeni metro stansiyalarının, metrobus və tramvay xətlərinin qurulması planlaşdırılıb: “Ümumiyyətlə, şəhərin mərkəz hissələri çox yüksək sıxlığa malikdir. Baş planda da qeyd olunur ki, Bakı şəhərində sıxlıq norma daxilində olsa da, tam mərkəz hissədə yerləşmə daha sıxdır. Bu, əsasən, Nərimanov, Nəsimi və Səbail rayonlarının payına düşür. Xüsusən, Baş planda Nəsimi rayonu ən sıx ərazi kimi qeyd olunub. Bu sıxlığın bir qədər azaldılması üçün məskunlaşmanın altmərkəzlərə ötürülməsi daha düzgün olardı. Burada çoxmənzilli, hündürmərtəbəli binaların inşası mərkəzdə sıxlığın aradan qaldırılmasına təkan verəcək”.
Fərqanə ALLAHVERDİQIZI