Ruslan Atakişiyev: “Qeyri-neft sektorunun ixracda payı artmaqdadır”

2023.12.12 12:20 (UTC+04:00)

“Azərbaycanda iqtisadiyyatın başlıca prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu səbəbdən qeyri-neft sektorunun ixracda payı getdikcə artmaqdadır”. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev “vergiler.az”a açıqlamasında belə deyib.

Ekspertin sözlərinə görə, 2023-cü ilin ilk 10 ayında xarici ticarət dövriyyəsinin həcmi 43 milyard 520 milyon dollar olub. Burada ixracın payı 29 milyard 345 milyon dollar təşkil edib: “Bu göstərici onu deməyə əsas verir ki, əvvəlki illərə nisbətən ölkə xaricinə göndərilən məhsulların həcmində artım baş verir. Ümumiyyətlə, aparılan siyasət ondan ibarətdir ki, ixracda qeyri-neft sektorunun payı artsın. İxrac əməliyyatlarında əsas mallara diqqət etsək, görərik ki, bunlar, əsasən, kənd təsərrüfatı məhsulları - alma, xurma, nar, kartof, digər tərəvəz məhsulları və çaydır. Sənaye məhsullarından sement, elektrik enerjisi, kimya sənayesi məhsulları, pambıq, qara metallar, alüminium və bu kimi məhsullar qeyri-neft ixracında əsas rol oynayır”.

R.Atakişiyev Azərbaycanın qeyri-neft məhsullarını ixrac etdiyi əsas ölkələrə də toxunub. Bildirib ki, Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə, Qazaxıstan, Türkmənistan, Ukrayna ixrac həcmlərində üstünlük təşkil edirlər: “Bizim qeyri-neft sektoru üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya ixracda 32,5 faiz, Türkiyə 24,25 faiz, Gürcüstan isə orta hesabla 10 faizə yaxın paya malikdir”.

Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft məhsullarının ixracının dəyəri 3.033,68 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 10,5 faiz çoxdur. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin noyabr ayında qeyri-neft məhsullarının ixracı 321,85 milyon dollar olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz çoxdur.