2-3 dekabr tarixlərində Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Rəqəmsal dövrdə mühasibatlıq: yeni tələblər və çağırışlar" mövzusunda Forum keçirilib.
“vergiler.az" xəbər verir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi, Bakı Hesabat Mərkəzi (BHM) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilatçılığı ilə keçirilən Forum vergi-uçot və maliyyə sisteminin yeni dövrün tələblərinə uyğun qurulması, dövlət və özəl sektorda mühasib peşəsinə tələblər, rəqəmsal dövrün uçot sisteminə təsiri, təsərrüfat subyektlərinin rastlaşdıqları çətinliklər və s. mövzuları əhatə edib.
Forumda salamlama nitqi ilə Naxçıvan MR Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Nihad Mehbalıyev, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Mirəli Kazımov, Naxçıvan MR Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış ediblər. Natiqlər ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində Muxtar Respublikanın sürətli inkişafı, mühasibatlıq sahəsinə olan böyük maraq və bu sahədə kifayət qədər peşəkar mühasib və maliyyəçilərin olmasından söz açıb, Forumun fəaliyyətinə uğurlar arzulayıblar.
Tədbir panel müzakirələri ilə davam edib. Dövlət və özəl sektorun nümayəndələrinin iştirakı ilə keçirilən və iki paneldən ibarət Forum “Rəqəmsal iqtisadiyyatda uçot və hesabatlılıq, yeni tələblər” və “Vergi sistemi və inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər, qarşıya çıxan çətinliklər” adlı mövzuları əhatə edib. Panel müzakirələrinə Naxçıvan MR Nazirlər Kabineti, İATM, BHM, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, DOST Agentliyi, “Bizcon Consulting” şirkəti, APF Şirkətlər Qrupu və “Sinam” şirkətinin nümayəndələri qatılıblar.
Yekunda sual-cavab sessiyasında mühasiblər tərəfindən panel iştirakçılarına müxtəlif mövzuları əhatə edən suallar ünvanlanıb və hər bir mövzu üzrə qaldırılan suallar ətraflı cavablandırılıb.