Rüfət Bayramov: “Tranzit yükdaşımaların artırılması məqsədilə konkret hədəflər müəyyən edilib”

2023.11.27 14:57 (UTC+04:00)

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Planı”nda tələb olunan prosedurların icrası ölkə ərazisindən keçən yüklərin həcminin əhəmiyyətli şəkildə artmasına imkan verəcək. Bunu “vergiler.az”a TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov deyib. Onun sözlərinə görə, 2024-2026-cı illərdə tranzit yükdaşımaların təkmilləşdirilməsini nəzərdə tutan sənəddə konkret hədəflər müəyyən edilib.

R.Bayramov əlavə edib ki, 2021-ci il ilə müqayisədə 2022-ci ildə ölkəmizin ərazisindən keçən tranzit yükdaşımaların (dəmir yolu, dəniz və avtomobil) ümumi həcmi 75 faiz artaraq 10,7 milyon tona çatıb. 2024−2026-cı illər ərzində isə bu həcmin 2022-ci ilə nisbətən 27 faiz artırılaraq 13,6 milyon tona çatdırılması nəzərdə tutulur: “Eyni zamanda, dövlət qurumları tərəfindən həm sərt, həm də yumşaq infrastrukturun təkmilləşdirilməsi, bu sahədə qurumlararası əlaqələrin daha da yaxşılaşdırılması və onların fəaliyyətlərinin bir-biri ilə uzlaşdırılması planlaşdırılır”.

Tranzit yükdaşımaların artırılması məqsədilə Azərbaycanın beynəlxalq müqavilələrlə tərəfdaşı olduğu bütün sistemlərdə fəaliyyətinin gücləndirilməsi, dəmir yollarının bərpası, sərhəd-keçid məntəqələrində gömrük və qida təhlükəsizliyi prosedurlarının təkmilləşdirilməsi və digər tədbirlərin icrası hədəf olaraq müəyyən edilib.

İlhamə İSABALAYEVA