Alternativ enerjiyə yaşıl işıq: günəş panelləri aktuallaşır MƏQALƏ

2023.11.24 13:08 (UTC+04:00)

2027-ci ilədək ölkənin enerji sistemində bərpa olunan enerjinin payı 33 faizə çatacaq. “vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov II “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində enerji nazirlərinin sessiyasındakı çıxışında məlumat verib. Onun sözlərinə görə, 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir: “Bu, 2030-cu ilə olan hədəfimizin artıqlamasilə yerinə yetirilməsi deməkdir. Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edirik”.

Hədəf bəllidir

Bununla yanaşı, Azərbaycan hökumətinin bərpa olunan enerji resurslarından istifadə ilə bağlı digər hədəfləri də var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in (https://president.az/az/articles/view/50474) 5-ci bəndi məhz “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” adlanır. Sənəddə qeyd olunub ki, elmi-texniki nailiyyətlərə əsaslanaraq, iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji mənbələrinin xüsusi çəkisini artırmaqla iqlim dəyişikliyinin təsirləri azaldılmalıdır.

Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevinvergiler.az”a açıqlamasına görə, bu hədəflər və öhdəliklər Azərbaycanın qoşulduğu beynəlxalq təşəbbüslərə əsaslanır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələr, o cümlədən Azərbaycan, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) uyğun olaraq, hədəflərini müəyyən ediblər: “Azərbaycan NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması məqsədilə 2030-cu ilədək istixana qazları emissiyalarının səviyyəsini 1990-cı illə müqayisədə 35% azaltmağı öhdəsinə götürüb. Baxmayaraq ki, hələ 2016-cı ildə aparılan inventarlaşmaya əsasən, Azərbaycan Respublikasının qlobal emissiyalarda payı cəmi 0,15%-dir”.

“Yaşıl enerji” üçün perspektiv

Milli Prioritetlərdə qeyd olunduğu kimi, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında “yaşıl enerji”dən istifadə mühüm əhəmiyyət kəsb edir. Mütəxəssislər də alternativ və bərpa olunan enerji mənbələrindən istifadəni optimal variant hesab edirlər. Onların fikrincə, nə qədər tədbir görülsə də, mövcud enerji hasilatı ətraf mühitə xeyli ziyan vurur. Digər tərəfdən, karbohidrogenlərin hasilatı və idxalı baha başa gəlir. Bütün bunları nəzərə alaraq, Azərbaycanda alternativ və bərpa olunan enerjidən istifadəyə üstünlük verilir.
İ.Mustafayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə 2050-ci ilədək “netto sıfır emissiya” zonası yaradılması üçün böyük potensial var: “Bu ərazilərin enerji təminatını tamamilə bərpa olunan (su, külək, günəş) mənbələrdən əldə etmək mümkündür. Eyni zamanda, mövcud və artırılacaq meşə massivləri emissiya udulmalarını təmin edərək “netto” hədəfə nail olunmasına töhfə verəcək. Həmin ərazilərdə yaradılan “ağıllı şəhər”, “ağıllı kənd”lər emissiyaların qarşısının alınması tədbirlərini də ehtiva edir. Bununla yanaşı, bu ərazilərdə “yaşıl kənd təsərrüfatı”nın tətbiqi və elektrikli avtomobillərin istismarı ilə hədəflərə nail oluna bilər”.

Yeri gəlmişkən, artıq Qarabağ və ətraf regionlarda bərpa olunan enerji mənbələrinin potensialının qiymətləndirilməsi üzrə işlərin icrasına başlanılıb. İşğaldan azad edilmiş 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dən yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilib. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorları nəzərə alınaraq, ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir.

Fərdi qaydada “yaşıl enerji” alaq...

Hökumətin qarşıya qoyduğu hədəflərə nail olunması üçün vətəndaşlar da “yaşıl enerji”yə keçid təşəbbüsünə qoşula bilərlər. Məsələn, Türkiyədə, xüsusilə ucqar kəndlərdə, rayonlarda, demək olar ki, hər evin damında günəş panelləri görmək mümkündür. Bu təcrübənin ölkəmizdə tətbiq edilməsi vətəndaşların enerji ilə bağlı xərclərini azaltmaqla yanaşı, ətraf mühitin təmizliyinə də xeyli töhfə verə bilər. Yeri gəlmişkən, son illərdə Azərbaycanda günəş panellərinin satışı təşkil olunur. İstehsal gücü və ötürücülük qabiliyyətindən asılı olaraq, panellərin qiyməti 100-1500 manat arasında dəyişir.

Fərdi qaydada günəş panellərinin quraşdırılması və onlardan istifadə ilə bağlı suallarımıza iqtisadçı ekspert Eldəniz Əmirov aydınlıq gətirib. Onun sözlərinə görə, hazırda bölgələrdə alternativ enerji mənbələrinin potensialının müəyyənləşdirilməsi ilə bağlı işlər aparılır: “Azərbaycan alternativ enerji mənbələri baxımından zəngin ölkədir. Həmin mənbələrin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialına gəldikdə isə günəş enerjisinin potensialı 23 QVt-dır. Külək enerjisi 3000 MVt, bioenerji 380 MQt, hidroenerji potensialı isə 520 MVt gücündə qiymətləndirilir”.

Vətəndaşların fərdi qaydada evlərdə günəş panelləri quraşdırmasına gəlincə, E.Əmirov bildirib ki, bu, qanunvericiliklə tənzimlənir. Ancaq çox bahalı proses olduğundan, hələlik tətbiqi ləngiyir: “Fərdi qaydada evlərdə günəş panellərinin quraşdırılmasını fiziki şəxslərin müraciəti əsasında aidiyyəti üzrə subyektlər həyata keçirə bilərlər. Eyni zamanda, insanlar özləri hansısa formada quraşdıra bilərlər. Sadəcə, həmin panellərin alınması, quraşdırılması ciddi maliyyə vəsaiti tələb edir. Eləcə də onun texniki tərəfdən əsaslandırılması, layihələndirilməsi də müəyyən xərcə başa gələcək. Ancaq əhalinin fərdi qaydada alternativ enerji mənbələrindən istifadəsi mümkündür. Bunun səmərəli istifadəsi üçün hüquqi baza formalaşdırılıb”.

Aldığımız enerjini harada saxlayaq?

Nəzəri cəhətdən proses çox sadədir. İstehlakçı öz evində quraşdırdığı günəş panelləri hesabına istehsal etdiyi elektrik enerjisini istifadə edir. Əgər elektrik enerjisi kifayət etməzsə, o zaman şəbəkədən əlavə enerji idxal edə bilər. Əksinə, istehsal istifadə edilən enerjidən daha çox olarsa, istehlakçı istehsal etdiyi elektrik enerjisini şəbəkəyə ötürməli, bunun qarşılığında ödəniş almalıdır. Proseslərin hüquqi cəhətdən tənzimlənməsi üçün qarşılıqlı müqavilələr bağlanmalıdır. Eyni zamanda, burada ikitərəfli sayğac quraşdırılmalıdır.

Sözlə ifadədə sadə görünsə də, panellərin və qarşılıqlı əlaqələrin qurulması, vahid sistemin yaradılması üçün çox böyük maliyyə vəsaitləri tələb olunur. E.Əmirovun fikrincə, eyni zamanda, çox ciddi texnoloji tətbiqlər, mexanizmlər qurulmalıdır. Çünki enerjinin saxlanılması digər enerji resursları ilə müqayisədə çox çətindir. “Təsəvvür edin ki, damında günəş paneli quranşəxs evdə olmayacaq, amma həmin panel elektrik enerjisi istehsal edəcək. Onun saxlanması üçün akkumulyator tələb olunacaq ki, bu da çox bahalı qurğudur. Ona görə də istifadə edilməyən elektrik enerjisi şəbəkəyə ötürülməlidir. Əgər ötürülmək üçün mənbə olmazsa, o zaman istehsalın həcmi azaldılır. Ancaq günəş panelləri hesabına istehsal olunmuş elektrik enerjisi nə qədər çox olarsa, vətəndaşların tələbatları daha rahat ödənər”, – deyə iqtisadçı əlavə edib.

Mütəxəssislərin hesablamalarına görə, atmosferə atılan karbon emissiyalarının həcminə görə elektrik enerjisi istehsalı sahələri öndə gedir. Bu baxımdan, “yaşıl enerji”nin payının artırılması ətraf mühitin sağlamlaşmasına, “istixana effekti” yaradan tullantıların əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər.

Fərqanə ALLAHVERDİQIZI

Bu məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən "Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması" layihəsi çərçivəsində hazırlanıb. Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur.