Stanislav Pritçin: “Bakı Moskva üçün əsas iqtisadi tərəfdaşdır”

2023.11.17 16:14 (UTC+04:00)

“Azərbaycan Cənubi Qafqaz regionunun ən böyük iqtisadiyyatına malik dövlət kimi Rusiyanın bölgədə əsas iqtisadi tərəfdaşıdır”.

Bu fikirləri “vergiler.az”a rusiyalı iqtisadçı ekspert Stanislav Pritçin bildirib. O əlavə edib ki, indiyədək geosiyasi vəziyyət və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çətinliklər ölkələrimiz arasında qarşılıqlı əməkdaşlıq potensialından tam istifadə etməyə imkan vermirdi: “İndi vəziyyət dəyişib, maneələr aradan qalxıb və əməkdaşlıq üçün ciddi perspektivlər formalaşıb”.

S.Pritçin qeyd edib ki, ölkələrimiz neft sənayesində əməkdaşlığın intensivləşdirilməsi imkanlarını da müzakirə edirlər. Çünki indiki geosiyasi şəraitdə İran və Azərbaycanla müxtəlif növ svop əməliyyatlarına böyük tələbat var. Bundan əlavə, kənd təsərrüfatı sektorunu kifayət qədər inkişaf etdirən Azərbaycanın bu sahədə ciddi oyunçu olduğunu nəzərə alsaq, həmin istiqamətdə də əməkdaşlıq üçün böyük imkanlar mövcuddur: “Ölkələrimiz arasında gömrük məsələlərinin sadələşdirilməsi, sərhəd keçidlərinin asanlaşdırılması, bir sözlə, qarşılıqlı ticarətin inkişafına mane ola biləcək amillərin aradan qaldırılması məsələləri fəal şəkildə müzakirə edilir”.

Tamilla MƏMMƏDOVA