Son günlərdə Hökumət Ödəniş Portalından (HÖP) istifadə edən vətəndaşlar Azərbaycan Mərkəzi Bankının xəbərdarlığı ilə rastlaşırlar. Onlara bildirilir ki, 10 yanvar 2024-cü il tarixdən HÖP-ün internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılacaq.
Mərkəzi Bankdan bildirilir ki, ölkədə fəaliyyət göstərən bütün bankların, həmçinin bir çox bank olmayan ödəniş xidməti təchizatçılarının internet və mobil bankçılıq həlləri HÖP-ə inteqrasiya edilir. Bütün xidmət təşkilatları üzrə ödənişlərin bu platformalardan aparılması imkanı nəzərə alınaraq, HÖP-ün fəaliyyəti dayandırılacaq. Vətəndaşlar HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardıqları ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərlər.
Mütəxəssislər bu addımı maliyyə institutlarının və ekosistemin inkişafı baxımından müsbət qiymətləndiriblər. HÖP-ün arxa plana keçirilməsinin fintek təşkilatlarının bazarda möhkəmlənməsinə stimul verəcəyi gözlənilir. Məsələ ilə bağlı fikirlərini “vergiler.az”la bölüşən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Mərkəzi Bankın bu addımını ekosistemə dəstək kimi qiymətləndirib: “Son illər görürük ki, dövlət bazara məhsul yox, məhsul yarada biləcək alətlər çıxarır. Ekosistemdəki oyunçular həmin alətlər vasitəsilə öz startapını, ideyasını, məhsulunu, unikal versiyasını yaradır. Bu baxımdan, Mərkəzi Bankın hazırda ekosistemdən geri çəkilməsi, oyunçu yox, tənzimləyici fəaliyyətə dönməsi alqışa layiq hərəkətdir. Hesab edirik ki, dövlət qurumları bazarda yox, siyasətdə qalmalı, bazar isə oyunçulara, kommersiya qurumlarına, korporasiyalara verilməlidir. HÖP-ün fəaliyyətinin dayandırılması ilə ödənişlər bazarı öz-özünü tənzimləməyə başlayacaq. Bu, ekosistemin canlanması, haqsız rəqabətin bazardan çəkilməsi anlamına gəlir. Məhz bundan sonra fintek ekosistemi inkişaf edə bilər”.
Qeyd edək ki, ölkədə “Ödəniş sistemləri və ödəniş xidmətləri haqqında” Qanun qüvvəyə mindikdən sonra ekosistemdə yeniliklər gözlənilirdi. Bunu həm ekspertlər, həm də tənzimləyici qurumlar vaxtaşırı bəyan edirdilər. Artıq finteklərə və maliyyə bazarına daxil olacaq startap layihələrinə “yaşıl işıq” görünür. Onların fəaliyyəti lisenziya əsasında tənzimlənəcək.
E.Abbasov əlavə edib ki, finteklərin lisenziya ilə fəaliyyət göstərməsi bazara əlavə bir töhfə olmalıdır: “Məsələn, vergidən azad edilmək, müəyyən imtiyazlara sahib olmaq üçün lisenziyalar verilir. Eyni zamanda, bu, finteklər üçün maliyyə xidmətlərindən istifadə edən vətəndaşların şəxsi məlumatlarının konfidensiallığının təmin olunması öhdəliyi yaradır. Yeni qaydaların ekosistemə daha çox töhfə verəcəyini gözləyirik”.
Azərbaycan Banklar Assosiasiyasının eksperti, rəqəmsal transformasiya və kibertəhlükəsizlik üzrə mütəxəssis İlqar Əliyev də HÖP-ün fəaliyyətini dayandırmasının vətəndaşlara xidmətlərin göstərilməsinə ciddi təsir etməyəcəyini deyib, ödənişlərin mövcud sistem üzərindən həyata keçiriləcəyini və nəzarət ediləcəyini bildirib: “Azərbaycan Mərkəzi Bankı rəqabət mühitinin formalaşdırılması üçün imkan yaradır ki, bütün ödəniş təşkilatları, banklar, müştərilərə xidmət göstərən təşkilatlar, bir növ, rəqabət mühitində çalışsınlar. Əvvəllər kommunal xidmət və büdcə ödənişləri Mərkəzi Bankın sistemi üzərindən həyata keçirilirdi və elektron ödəniş provayderləri bu xidmətdən faydalana bilmirdilər. İndi isə buna şərait yaradılacaq. Bu, daha çox rəqabət mühitinin formalaşmasını, müştərilərə xidmətin daha da təkmilləşdirilməsini nəzərdə tutur. Ancaq HÖP sisteminin infrastrukturu eyni şəkildə işləyəcək”.
Fərqanə ALLAHVERDİQIZI