Mehmet Emir Aksoy: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyənin mövqelərini daha da gücləndirəcək”

2023.11.07 16:37 (UTC+04:00)

“Zəngəzur dəhlizinin açılması dünyanın bir çox ölkələri üçün faydalı olacaq və Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinə müsbət təsir göstərəcək”. Bu fikirləri “vergiler.az”a açıqlamasında türkiyəli alim, siyasi elmlər, iqtisadiyyat və beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Emir Aksoy deyib: “Nəzərə alsaq ki, regionun iki əsas tərəfdaşı arasında birbaşa yol əlaqəsi olmayıb, quru yolun açılması iki qardaş ölkəni daha da yaxınlaşdıracaq”.

Ekspertin sözlərinə görə, 30 ildir ki, Azərbaycan ilə Türkiyə arasında quru yolu əlaqəsi İran və Gürcüstan vasitəsilə qurulub: “Zəngəzur dəhlizinin açılması böyük iqtisadi dividendlər gətirəcək. Bu layihədə Azərbaycan ötürücü, Türkiyə isə iqtisadi depo imkanı əldə edə bilər”.

Onun fikrincə, Zəngəzur dəhlizinin açılması Ankara ilə Bakı arasında birbaşa əlaqə baxımından da faydalıdır: “Beləliklə, dəhlizin işə düşməsi Türkiyə və Azərbaycan üçün təkcə iqtisadi, siyasi, mədəni əlaqələr baxımdan deyil, həm də strateji əhəmiyyət kəsb edəcək, qardaş ölkələrin regionda mövqelərini gücləndirəcək”.

Türkiyəli ekspertin sözlərinə görə, paralel olaraq bu, türk dünyasına gedən yolda platformaların tikintisini və inteqrasiyasını xeyli artıracaq: “Xüsusən də yeni dünya düzəninin həlledici məqama qədəm qoyduğu bir vaxtda Türkiyə və Azərbaycanın dəhliz üzərində üstünlük əldə etməsi iki qardaş ölkənin çiyin-çiyinə dayanma şanslarını artıracaq, onların yeni dünya sistemində əsas oyunçulardan birinə çevrilməsinə şərait yaradacaq”.

Tamilla MƏMMƏDOVA