Açıq bankçılıq rejimi bazara yeni iştirakçıların daxil olmasına şərait yaradacaq

2023.11.04 11:15 (UTC+04:00)

Uzun illər bazarda fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları artıq tənzimləyici çərçivə ilə əhatə olunacaq. “vergiler.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Hüquq departamentinin Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin böyük hüquq məsləhətçisi Günay Mahmudova açıqlama verib. Onun sözlərinə görə, tezliklə qüvvəyə minəcək “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” Qanunda bununla bağlı müddəalar yer alıb: “Qanunda həmin təşkilatlara nəzarət olunması və onların lisenziyalaşdırılması nəzərdə tutulub. Eyni zamanda, xarici ödəniş təşkilatlarının ölkə daxilində fəaliyyəti ilə bağlı müddəalar, ödəniş agenti məsələsi də öz həllini tapıb”.

G.Mahmudova əlavə edib ki, adıçəkilən qanun ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı məsələlərə aydınlıq gətirəcək. Müvafiq xidmətlərin göstərilməsi zamanı təchizatçıların riayət etməli olduqları tələblər, onların hüquq və vəzifələri qanunla tənzimlənir: “Yeni qanun layihəsində yeniliklərdən biri uzun illərdir diqqət mərkəzində olan açıq bankçılıqla bağlıdır. Biz nəzarət orqanı olaraq müvafiq məsələləri araşdırıb öyrənməyə çalışırdıq. Sevindirici haldır ki, “Ödəniş təşkilatları və ödəniş xidmətləri haqqında” Qanunun işə düşməsindən sonra ölkəmizdə açıq bankçılıq rejiminin tətbiqi mümkün olacaq və bu, bazara yeni təşkilatların da daxil olmasına şərait yaradacaq”.

Mərkəzi Bankın rəsmisinin sözlərinə görə, açıq bankçılığın işə düşməsi ilə ölkədə vasitəçilik xidməti və hesab üzrə məlumat xidməti təchizatçılarının bazara daxil olacağı gözlənilir. Bu da banklara yeni rəqiblərin meydana çıxmasına imkan verəcək ki, bundan istehlakçılar daha çox qazanacaqlar: “Ödəniş xidmətləri sahəsində bankların yalnız özləri ilə deyil, eyni zamanda digər oyunçularla rəqabət aparması ümumilikdə bütün bazarın inkişafına dəstək verəcək. Təbii ki, bundan ən çox faydalanan istehlakçılar olacaqlar”.