Orxan Nəzərli: “Dövlət Vergi Xidmətində struktur dəyişiklikləri həyata keçirilir”

2023.10.30 12:26 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) müəyyən struktur dəyişiklikləri həyata keçirilir. “vergiler.az” xəbər verir ki, bunu “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” adlı konfransda DVX rəisi Orxan Nəzərli deyib.

Onun sözlərinə görə, DVX-nin Aparatında vergi ödəyicilərinin risklərinin təhlili və onun monitorinqi ilə bağlı bir böyük strukturun yaradılması nəzərdə tutulur, həmçinin ombudsman aparatı təsis olunur: “Bu, imkan verəcək ki, növbəti dövrdə bizə edilən müraciət və şikayətlərə daha keyfiyyətli baxaq. Digər tərəfdən, yerli qurumlarla bağlı da müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. DVX-nin mövcud strukturu vergi ödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə biz artıq bunun funksional sahə üzrə idarəetməsinə keçəcəyik. Bu, bizə imkan verəcək ki, vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə edək. Digər tərəfdən, bunların hamısı həm də vergi orqanı ilə vergi ödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan verəcək”.