Bu ilin sentyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 607 min barel olub ki, bu da 2022-ci ilin sentyabr ayının göstəricisindən 7,2 faiz və ya 47 min barel azdır.
"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Energetika Nazirliyinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin sentyabr hasilatında 491 min bareli xam neftin, 116 min bareli isə kondensatın payı təşkil edib. 2022-ci ilin eyni ayının müvafiq göstəriciləri üzrə xam neft hasilatı 9,6 faiz (52 min barel) azalıb, kondensat hasilatı isə 4,5 faiz (5 min barel) artıb.
Bu ilin avqust ayına nisbətdə isə sentyabrda xam neft hasilatında 1,4 faiz (7 min barel), kondensat hasilatında isə 4,9 faiz (6 min barel) azalma müşahidə olunub.
Qeyd edək ki, “OPEC plus” əməkdaşlığı çərçivəsində 2023-cü ilin sonuna kimi Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.