Seymur Adıgözəlov: “Araz Vadisi İqtisadi Zonası”na 32,6 milyon manat investisiya yatırılması planlaşdırılır” MÜSAHİBƏ

2023.10.04 10:00 (UTC+04:00)

Bu gün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasından 2 il ötür. Ölkədə fəaliyyət göstərən digər sənaye parklarında olduğu kimi, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Adıgözəlov “vergiler.az”a müsahibəsində Sənaye Parkında rezidentlər üçün infrastrukturun qurulması istiqamətində görülən işlərdən danışıb.

- Seymur müəllim, məlum olduğu kimi, bu gün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılmasından 2 il ötür. Bu 2 il ərzində Sənaye Parkında hansı işlər görülüb?

- İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi, bu ərazilərdə həyatın əvvəlki məcrasına qaytarılması istiqamətində görülən tədbirlər sırasında sənayeləşmə siyasəti mühüm yer tutur. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerli və xarici investisiyalar hesabına sənaye parklarının yaradılması prosesi böyük önəm kəsb edir. Hazırda həmin ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi üçün lazımi infrastrukturun yaradılması işləri sürətlə davam etdirilir.

Məlumat üçün bildirim ki, Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunun Soltanlı kəndində 200 hektar ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Ölkəmizdə fəaliyyət göstərən digər sənaye parkları kimi, bu parkın da müəyyən edilmiş prioritet istiqamətləri var. Belə ki, Sənaye Parkında logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli
Fərmanına əsasən, İqtisadi Zonaların İnkişafı Agentliyinin
idarəçiliyində Cəbrayıl rayonunun Soltanlı kəndində 200 hektar
ərazidə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb.

Qeyd olunan işlərin icrası mərhələli şəkildə aparılır. İlk olaraq isə Minatəmizləmə Agentliyi tərəfindən operativ şəkildə ərazinin minalardan, hərbi sursatlardan təmizlənməsi işləri həyata keçirilib. Daha sonra ərazidə topoqrafik planlama və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. İşçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə Sənaye Parkında mobil şəhərciyin salınması işləri başa çatdırılıb. Şəhərcikdə yataqxana, yeməkxana, ofis, tibb məntəqəsi və aptek, market, qarışıq mallar mağazası, anbar, camaşırxana, bərbərxana, nəzarət-buraxılış məntəqəsi istifadəyə verilib, əraziyə asfalt yol çəkilib, abadlıq işləri görülüb. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə subartezian quyu qazılıb, 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb. Parkın işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Bundan başqa, rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır, inzibati binanın tikintisi davam etdirilir.

- Sənaye Parkına sahibkarların cəlb edilməsi üçün hansı investisiya imkanları təklif edilir?

- Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdəndir. “Araz Vadisi İqtisadi Zonası”nın yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır. Belə ki, parkın ərazisindən həmin magistral yollara birbaşa giriş-çıxışın təmin edilməsi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və əks istiqamətə, eləcə də Rusiyaya yüklərin daşınmasına imkan verəcək.

Parkın logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması
investorların diqqətini cəlb edən əsas amillərdəndir. “Araz Vadisi İqtisadi Zonası”nın
yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində
yerləşməsi də onun uğurlu fəaliyyəti üçün zəmin yaradır.

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında da, ölkədə mövcud digər sənaye parklarında olduğu kimi, sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır. Belə ki, Sənaye Parkının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Həmçinin, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli Sərəncamı ilə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün cari ilin 1 yanvar tarixindən etibarən əlavə güzəştlər tətbiq edilir. Buraya sosial sığorta haqlarının subsidiyalaşdırılması, işğaldan azad edilmiş ərazilərdə məskunlaşaraq işləyən mütəxəssislərə hər il 5 gün əlavə məzuniyyət, 600 manat həcmində birdəfəlik müavinət verilməsi, aylıq vəzifə maaşına əlavələrin hesablanması, iş icazələrinin alınmasının sadələşdirilməsi, eləcə də əmək miqrasiyası kvotasının tətbiq olunmaması daxildir. Əlavə edək ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal prosesində istifadə ediləcək bir sıra xammal və materialların idxalı 10 il müddətinə ƏDV-dən azad olunur. Eyni zamanda, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara 10 il müddətində hər ay istehlak edilən kommunal xidmətlərin tariflərinə uyğun olaraq, ödədikləri vəsaitin 20 faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımı göstəriləcək.

- Hazırda Sənaye Parkının neçə rezidenti var, nə qədər investisiyanın yatırılması və iş yerinin yaradılması nəzərdə tutulur?

- Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 5 rezidenti və 1 qeyri-rezidenti var, investorlar tərəfindən ümumi olaraq buraya 32,6 milyon manat investisiyanın yatırılması, parkda 420-dən çox iş yerinin yaradılması planlaşdırılır. Hazırda Sənaye Parkında 1 müəssisə fəaliyyət göstərir.

Bildiyiniz kimi, bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər. Digər rezidentlər tərəfindən hazırda Sənaye Parkında tikinti-quraşdırma işləri aparılır. Bir neçə müəssisənin də 2024-2025-ci illərdə istifadəyə verilməsi planlaşdırılır. İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 10 milyon manata yaxın investisiya yatırılıb.

- “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı ilə bağlı gələcək planlar nədən ibarətdir?

- Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən təqdim edilən 5 layihəyə baxılır ki, bu da sahibkarların buraya olan marağının göstəricisidir. Əminliklə demək olar ki, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında reallaşdırılacaq layihələr işğaldan azad edilmiş ərazilərin sənaye potensialının inkişaf etdirilməsinə, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, yerli istehsalın inkişafına böyük təkan verəcək. Fürsətdən istifadə edərək, bir daha iş adamlarını bu Sənaye Parkında mövcud investisiya imkanlarından yararlanmağa və öz layihələrini reallaşdırmağa dəvət edirəm.

HÜSEYN VƏLİYEV