2022-ci ilin sonunda Vergi Məcəlləsində edilmiş bir sıra dəyişikliklərin 2023-cü ilin oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Bu, vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda bank hesablarının açılması prosedurunda müəyyən dəyişikliklərə səbəb olacaq.
Yenilikləri “vergiler.az”a maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Hazırda fərdi sahibkar və hüquqi şəxslər bank hesabı açmaq üçün öncə AVİS sisteminin Onlayn kargüzarlıq alt-sistemi vasitəsilə “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın alınması üçün Ərizə” forması doldurub Dövlət Vergi Xidmətinə təqdim etməlidirlər. Bu ərizənin göndərilməsindən 2 gün sonra Dövlət Vergi Xidməti qeyd olunan şəhadətnamə-dublikatı ərizədə qeyd olunan bank filialına göndərir və vergi ödəyicisi artıq həmin bankın filialına müraciət edib ərizədə qeyd edilmiş hesabı aça bilər. Yeri gəlmişkən, vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə hesabın açılmasına görə bank təşkilatı ciddi maliyyə sanksiyası ilə üzləşə bilər - hər açılmış hesaba görə 400 manat məbləğində.
1 oktyabr 2023-cü il tarixdən isə vergi ödəyicilərinin şəhadətnamə-dublikat almasına ehtiyac qalmayacaq. Vergi ödəyicisi birbaşa banka gəlib hesab açmaq niyyətində olduğunu bildirəcək. Bank vergi ödəyicisinin aktiv olub-olmadığını vergi orqanının bazasında yoxladıqdan sonra hesabları açıb onları bir günlük müddətə bloklaşdıracaq (məxaric əməliyyatlarının keçirilməsinə qarşı). Açılmış hesab barədə məlumatlar vergi orqanına veriləcək, vergi orqanı isə bir gün ərzində həmin vergi ödəyicisinin digər hesablarına qoyulmuş sərəncam olduğu təqdirdə həmin sərəncamı yeni açılmış hesaba da şamil edib o sərəncamı banka göndərəcək. Bank alınan sərəncamı açılmış hesaba tətbiq edib hesaba qoyulmuş bloku götürəcək.