Tahir Mirkişili: “Rəqabət Məcəlləsi sağlam rəqabətin hüquqi əsaslarını müəyyən edəcək”

2023.09.15 16:45 (UTC+04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payıs sessiyası çərçıvəsində ilk iclası keçirilib. “vergiler.az” xəbər verir ki, bu barədə komitənin sədri Tahir Mirkişili məlumat verib. Onun sözlərinə görə, iclasda Azərbaycan iqtisadiyyatının bu ilin 8 ayı üçün ilkin göstəriciləri müzakirə edilib, eyni zamanda ötən sessiya zamanı komitənin gördüyü işlər barədə geniş hesabat dinlənilib: “Payız sessiyası zamanı komitənin iş planı da müzakirə edilərək qəbul olundu. Rəqabət Məcəlləsi, “Qiymətləndirmə haqqında”, “Dövlət ehtiyatları haqqında” və “Aviasiya haqqında” qanun layihələri iş planına daxil edilib. Gündəlikdə olan digər qanun layihələri də müzakirə olunaraq qəbul edildi”.

T.Mirkişili xeyli vaxtdır qəbulu gözlənilən Rəqabət Məcəlləsi haqqında məlumat verərək bildirib ki, Məcəllə layihəsi 12 fəsil, 83 maddədən ibarətdir: “Rəqabət Məcəlləsinin qəbulu ilə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər hüquqi aktlar yeni, vahid hüquqi sənəddə birləşdiriləcək. Məcəllə hazırlanarkən müxtəlif dövlət orqanları, habelə biznes assosiasiyaları ilə geniş müzakirələr aparılıb, onların rəy və təklifləri nəzərə alınıb. Layihə Türkiyə, ABŞ, Avropa İttifaqı, Almaniya, Avstriya, Latviya, Litva, Macarıstan və Çexiya qanunvericilikləri başda olmaqla, qabaqcıl beynəlxalq təcrübə, həmçinin yerli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ərsəyə gətirilib”

T.Mirkişilinin fikrincə, Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni Məcəllə, eyni zamanda, istehlakçıların rifahını və hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.