Vergi Məcəlləsinin 159.2-ci maddəsində qeyri-rezidentlərə göstərilən xidmətlərin vergiyə cəlb edilməsi tam əks olunub. Belə ki, vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlər görülməsi və xidmətlərin göstərilməsi, onlar bu Məcəllənin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır. İqtisadçı ekspert Mahmud Abasquliyev qanunvericiliyin tələbini “vergiler.az”a konkret misalla izah edib.
Misal: “AA” MMC Azərbaycan Respublikası daxilində İtaliyanın “BB” SRL şirkətinə emal xidməti göstərilməsinə dair müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, 1 ton emal olunan məhsulun xidmət haqqı 20 avro (1 avro = 2 manat götürsək), yəni manat ekvivalentində 40 manat təşkil edir. 2023-cü ilin avqust ayında müəssisə qeyri-rezidentin respublika daxilində 1000 ton məhsulunu emal edir və bunun qarşılığında “BB” SRL-nin bank hesabından “AA” MMC bank hesabına 40.000 manat daxil olur. Sahibkarları maraqlandıran məqamlardan biri budur ki, banka daxil olan pulu ƏDV bəyannaməsində tam məbləğdə, yoxsa həmin məbləği tərkibindən ƏDV-ni ayırıb göstərməliyik?
Əvvəla, bununla bağlı müqavilə şərtinə nəzər yetirmək lazımdır. Əgər müqavilə üzrə yekun ödəniş məbləği, yəni 1 ton üzrə xidmət haqqı 40 manat (20 avro) göstərilibsə, o zaman Vergi Məcəlləsinin 159.2-ci maddəsinə əsasən, cari ayda müəssisə respublika daxilində xidmət göstərdiyi üçün ƏDV bəyannaməsində 18% ƏDV–yə cəlb edərək göstərəcəyi məbləğ 33.898,31 manat olacaq:
40000 : 118% = 33898.31 manat.
Büdcəyə ödənilən ƏDV məbləği 6.101,69 manat.
33898.31 x 18% = 6101.69 AZN olacaq.
Bu cür hallarda doğru qərar verməkdən ötrü müqavilə şərtlərinə ciddi yanaşmaq və ziyana getməmək üçün qeyri-rezidenti ölkəmizdə vergi qanunvericiliyinin tələbləri barədə əvvəlcədən məlumatlandırmaq lazımdır.