Azərbaycanda həyata keçirilən uzunmüddətli sistemli tədbirlər iqtisadi islahatların davamlı olmasını şərtləndirir, biznes və investisiya mühitini daha da yaxşılaşdırır, qeyri-neft sektorunun inkişafını təmin edir. Görülən işlər sahibkarlığın inkişafına əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir.
Hökumət ölkədə qeyri-neft sektorunun inkişafı istiqamətində müəyyən etdiyi əsas strateji hədəflərə nail olmaq üçün müxtəlif dəstək və təşviq mexanizmlərini özündə ehtiva edən kompleks tədbirlər həyata keçirir ki, bu tədbirlərdən də ən mühümü Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə təsdiq olunmuş iqtisadi fəaliyyət sahələrinə, inzibati ərazi vahidlərinə və minimal məbləğlərə uyğun olaraq icra edilən layihələrə investisiya təşviqi sənədinin verilməsidir. Sənaye və turizm sahələrini əhatə edən bu mexanizm hüquqi şəxslərə və fərdi sahibkarlara Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verir. İnvestisiya təşviqi sənədinə malik hüquqi şəxslər və fərdi sahibkarlar 7 il müddətinə mənfəət və gəlir vergisini 50% güzəştlə ödəyir, həmin müddətə əmlaka görə əmlak vergisindən, torpağa görə torpaq vergisindən, müvafiq təsdiqedici sənəd əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Dövlətin yaratdığı bu dəstək mexanizmlərindən istifadə edərək fəaliyyətini çoxşaxəli istiqamətlər üzrə quran sahibkarlardan biri də “Zarat Group of Companies” şirkətinin təsisçisi Vüqar Qardaşovdur. 2011-ci ildən Azərbaycana taxıl, yem məhsullarının idxalı, eyni zamanda ölkədə yem istehsalı və satışı ilə məşğul olan bu şirkətin təsisçisi “vergiler.az”a bildirib ki, aldıqları investisiya təşviqi sənədindən səmərəli şəkildə istifadə edirlər. Sahibkarın sözlərinə görə, 3.587.206 manat dəyərində olan layihələrin maliyyələşdirilməsi üçün 2019-cu ildə Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2.000.000 manat məbləğində aldıqları kredit hesabına yem fabriki, taxıl depolama anbarları tikiblər: “Ötən il Siyəzən rayonunun Zarat kəndində istismara verilən yem fabrikinin illik istehsal gücü 50 min tondur. 11 növ toyuq yemi istehsal edən fabrik hazırda 100-dən çox hüquqi və fiziki şəxslə əməkdaşlıq edir. Şirkətlər qrupuna daxil olan “Zarat İmport Export” MMC isə taxıl məhsullarının, dənli bitkilərin daxili və xarici bazardan alışı ilə yanaşı, daxili bazarda topdan və pərakəndə satışını həyata keçirir. Cəmiyyətin Siyəzən, Ağcabədi, Gəncə və Cəlilabad şəhərlərində filialları fəaliyyət göstərir. Şirkətlər qrupunda təmsil olunan “Aqro-Sell Servise” MMC isə qida sektorunda yem xammalının təminatı istiqamətində bazarın aparıcı şirkəti kimi fəaliyyət göstərir”.
Sahibkar onu da vurğulayıb ki, “Zarat Group of Companies” taxıl, yem məhsullarını əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Argentina, Braziliyadan idxal edir. Şirkət daha çox Rusiyadan olmaqla, il ərzində təxminən 50 min ton məhsul idxal edir. Məhsulların əsas alıcıları isə yerli fermerlər, quşçuluq müəssisələri, iribuynuzlu heyvandarlıq kompleksləri və dəyirmanlardır.
Gələcək planlarından da danışan V.Qardaşov qeyd edib ki, ölkənin cənub regionunda yerli yem və un istehsalı fabrikləri yaratmaq niyyətindədirlər: “İnanıram ki, həmişə olduğu kimi, dövlət bu təşəbbüsümüzü də gercəkləşdirməyə dəstək verəcək. Yaxın gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə sahibkarlar üçün yaradılmış güzəştli imkanlardan da yararlanmaq fikrimiz var. Qarabağda taxılçılıq və yemçilik üzrə istehsal müəssisəsi yaratmaq istəyirik”.
İdxal zamanı taxıl və yem məhsullarının ƏDV-dən azad olmasını müsbət bir amil kimi dəyərləndirən müsahibimiz bu azadolmanın təkcə idxalla məşğul olan sahibkarlar üçün deyil, yerli fermerlər üçün də böyük dəstək olduğunu vurğulayıb.
“Hazırda Azərbaycanda çox şəffaf biznes mühiti var. Ümidvaram ki, zaman keçdikcə bu sağlam mühitdən daha səmərəli istifadə etməklə daha böyük uğurlara imza atacağıq”, - deyən sahibkar dövlət orqanları ilə işləməyin xeyli asanlaşmasından məmnunluğunu ifadə edib, müvafiq prosedurların təkmilləşdirilməsinin sahibkarların imkanlarını daha da genişləndirdiyini diqqətə çatdırıb.
İlhamə İSABALAYEVA