İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev Qazaxıstanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Agentlikdən “vergiler.az”a verilən məlumata görə, görüşdə AZPROMO-nun fəaliyyəti, ixracın təşviqi mexanizmləri, o cümlədən logistikanın subsidiyalaşdırılması və tətbiqi gözlənilən digər mexanizmlər barədə məlumat verib.
Agentlik tərəfindən ölkədə "eximbank" (ixrac-idxal) alətlərinin yaradılması üzrə işlərin aparıldığı vurğulanıb. Y.Abdullayev ixracın təşviqi çərçivəsində Qazaxıstana təşkil olunan ixrac missiyaları, Qazaxıstanda keçirilən sərgilərdə vahid ölkə stendi ilə iştirak edən yerli sahibkarlara göstərilən dəstək tədbirləri haqqında məlumat verib. Qeyd edilib ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə AZPROMO-nun xarici ölkələrdə nümayəndəliklərinin yaradılması Agentliyin gələcək planlarına daxildir.
Öz növbəsində A.Bayel iki ölkə arasında artan xətlə inkişaf edən iqtisadi-ticarət əlaqələrini qeyd edib, Azərbaycandan Qazaxıstana qeyri-neft ixracının artırılmasının perspektivlərini yüksək qiymətləndirib. İnvestisiya əməkdaşlığı çərçivəsində Qazaxıstan səhmdarları tərəfindən konkret təkliflərin mövcud olduğunu bildirib. Görüşdə səfir tərəfindən təqdim olunan ictimai iaşə sahəsində investisiya layihəsi müzakirə olunub, məlumat mübadiləsinin aparılması və müvafiq məkanın müəyyənləşdirilməsi ilə bağlı birgə işlərin görülməsinə dair razılıq əldə olunub.